ABŞ-Türkiyə dialoqunda nələr müzakirə olunacaq?
ABŞ Dövlət Departamentində Türkiyə Xarici İşlər nazirliyinin nümayəndəsi ilə keçiriləcək görüşdə regional və qlobal təhlükəsizlik məsələlərinin əsas gündəm mövzularından biri olacağı gözlənilir.
Xüsusilə, Yaxın Şərqdə artan gərginlik, İran ətrafında baş verən proseslər, Hörmüz boğazında təhlükəsizlik məsələləri və Qəzza böhranı tərəflər arasında geniş müzakirə oluna bilər.
Bununla yanaşı, Ukrayna müharibəsi, NATO daxilində əməkdaşlıq, Avropanın təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər və ABŞ-Türkiyə münasibətlərində mövcud olan bəzi fikir ayrılıqlarının da diqqət mərkəzində olacağı ehtimal edilir.
Eyni zamanda, müdafiə sənayesi, enerji təhlükəsizliyi və regional sabitliyin qorunması istiqamətində mümkün əməkdaşlıq imkanlarının da müzakirə ediləcəyi gözlənilir.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib:

“ABŞ və Türkiyə arasında müzakirə olunacaq bir çox mühüm məsələ mövcuddur. Xüsusilə, Yaxın Şərqdəki böhran Vaşinqton və Ankara arasında əsas müzakirə mövzularından biri ola bilər.
Rəsmi Ankara bölgədə savaşın dayandırılmasının və problemlərin siyasi-diplomatik yollarla həllinin tərəfdarı kimi çıxış edir. Türkiyə əvvəldən bəyan edib ki, hərbi yol çıxış yolu deyil və xüsusilə, İranın nüvə proqramı ilə bağlı məsələlər danışıqlar masasında həll olunmalıdır. Ankara hazırda da bu mövqeyini qoruyub saxlayır.
Eyni zamanda, Hörmüz boğazının açılması və beynəlxalq ticarət axınının təhlükəsizliyinin təmin olunması məsələsi də tərəflər arasında müzakirə edilə bilər. Çünki bölgədə gərginliyin artması enerji bazarına və qlobal iqtisadiyyata birbaşa təsir göstərir”.
Politoloq əlavə edib ki, bununla yanaşı, Ukrayna müharibəsi ilə bağlı məsələlərin də gündəmdə olması ehtimalı yüksəkdir: “Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını dəfələrlə bəyan edib və rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasının tərəfdarı kimi çıxış edir.
Bu baxımdan, ABŞ və Türkiyə arasında Ukrayna məsələsi üzrə ortaq yanaşmalar və gələcək addımlar da müzakirə oluna bilər. Digər mühüm istiqamətlərdən biri isə Avropanın təhlükəsizlik sistemidir.
ABŞ-ın Avropadan öz hərbi qüvvələrini tədricən azaltmaqla bağlı mesajları qitə ölkələrində ciddi narahatlıq yaradır. Bu vəziyyət Avropada yeni təhlükəsizlik riskləri və qeyri-müəyyənlik formalaşdırır.
NATO daxilində mövcud olan fikir ayrılıqları və ziddiyyətlər də tərəflərin diqqət mərkəzində olacaq məsələlərdəndir. Alyans daxilində yaşanan proseslər qlobal təhlükəsizlik sistemində yeni transformasiyalara və fərqli təhlükəsizlik arxitekturasının formalaşmasına səbəb ola bilər.
Bütün bunlar ABŞ və Türkiyə arasında geniş şəkildə müzakirə edilə biləcək əsas mövzular sırasına daxildir”.
Ayhan
15:00 11.05.2026
Oxunuş sayı: 79