Məhkəmə ekspertizası qaydalarını pozanlar 3 min manatadək cərimələnəcək
Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericiliyi pozanlar cərimələnəcək.
Crossmedia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni 602-5-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna uyğun olaraq Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməyən şəxsin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmasına, o cümlədən özünə münasibətdə "məhkəmə eksperti" və ya təşkilatlarının adında "məhkəmə ekspertizası" sözlərindən istifadə olunmasına görə fiziki şəxslər iki min manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində cərimələnəcək.
Məhkəmə ekspertinə hər hansı formada təsir göstərilməsinə və ya məhkəmə ekspertizası aparıldığı zaman məhkəmə ekspertinə mane olunmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər doqquz yüz manat məbləğində cərimə olunacaq.
Məhkəmə ekspertizası idarəsi rəhbərinin sorğusu əsasında mülkiyyət formasından asılı olmayaraq idarə, təşkilat və müəssisələr tərəfindən məhkəmə ekspertizasının aparılması üçün zəruri olan etalon nümunələrinin və texniki məlumatların məhkəmə ekspertizası idarəsinə təqdim edilməməsinə görə fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə ediləcək.
Göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
14:12 30.10.2026
Oxunuş sayı: 132