Yaponiya ikinci paytaxtın yaradılmasına başlayıb
Yaponiyada Tokionun alternativi olacaq ikinci paytaxtın yaradılması prosesinə başlanılıb. Bununla bağlı yeni qanun oktyabrın 30-da qüvvəyə minib.
Crossmedia.az xəbər verir ki, “Kyodo” xəbər agentliyi bu barədə məlumat yayıb.
Yeni qanuna əsasən, müəyyən edilmiş meyarlara cavab verən prefekturalar alternativ paytaxt statusu almaq üçün müraciət edə biləcəklər.
İkinci paytaxt statusunun yalnız bir bölgəyə verilməsi nəzərdə tutulmur. Belə ki, tələblərə cavab verən bir neçə prefektura eyni vaxtda bu statusu ala bilər.
Əsas namizədlər arasında Hokkaydo, Aiçi, Osaka və Fukuoka prefekturaları yer alır.
Layihənin əsas məqsədi iqtisadi fəaliyyətin Tokioda həddindən artıq cəmləşməsini azaltmaq və irimiqyaslı təbii fəlakətlər zamanı dövlət və ictimai qurumların fəaliyyətinin fasiləsizliyini təmin etməkdir.
Yeni qaydalara əsasən, alternativ paytaxt statusu almaq istəyən prefekturalar əhali sayı, iqtisadi potensial və inzibati idarəetmə ilə bağlı müəyyən edilmiş tələblərə cavab verməlidirlər.
Yaponiya hökuməti noyabr ayında ikinci paytaxt konsepsiyasının əsas istiqamətlərini və bölgələrin seçilməsi üzrə təqvimi açıqlamağı planlaşdırır.
Baş nazir Sanae Takaiçinin rəhbərliyi ilə layihənin həyata keçirilməsi üçün xüsusi koordinasiya qurumu da yaradılıb.
12:08 30.10.2026
Oxunuş sayı: 175