MEK-in direktor müavini XIII Beynəlxalq “Kitabxana mədəniyyət fenomeni kimi” Konqresində məruzə ilə çıxış edib
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev Belarus Milli Kitabxanasında keçirilən XIII Beynəlxalq “Kitabxana mədəniyyət fenomeni kimi” Konqresində iştirak edib.
Crossmedia.az xəbər verir ki, konqresə onlayn qoşulan Oruc Quliyev “Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının sosial-mədəni potensialı” mövzusunda məruzə ilə çıxış edib. O, təqdimatında MEK-in sosial-mədəni potensialını təhlil edərək elmi irsin qorunub saxlanılması, kitabxana fondlarının rəqəmsallaşdırılması, maarifləndirici fəaliyyət, inklüziv xidmətlər və kitabxananın elmi-ictimai kommunikasiya məkanı kimi rolu barədə məlumat verib.
Belarus Respublikasının Mədəniyyət Nazirliyi və Belarus Milli Kitabxanasının təşkilatçılığı, MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun, Belarus Respublikasının İnformasiya Nazirliyinin və Belarus Kitabxana Assosiasiyasının dəstəyi ilə keçirilən forumda 19 ölkədən 400-dən çox nümayəndə iştirak edib. İştirakçılar arasında iri kitabxanaların, muzeylərin, nəşriyyatların, elmi-tədqiqat təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri və mütəxəssisləri, həmçinin proqram təminatı, texniki vasitələr və informasiya məhsulları istehsalçıları yer alıblar.
Forumda mədəni irsin rəqəmsallaşdırılmasında kitabxanaların rolu, kitabxana proseslərində süni intellekt texnologiyalarının tətbiqi, layihə fəaliyyəti və istifadəçilərə xidmət sahəsində yeni texnologiyalardan yararlanma imkanları müzakirə edilib.
12:57 30.10.2026
Oxunuş sayı: 58