Dünyanı üçə bölmək planı, yoxsa Putinə son jest? – Şençjendə XÜSUSİ SAMMİT Hazırlığı!
Pekin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Şençjen şəhərində Rusiya, ABŞ və Çin liderləri arasında baş tuta biləcək tarixi üçtərəfli görüşün hazırlıqlarına başlayıb. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun jurnalistlərə verdiyi məlumata görə, çinli tərəfdaşlar əlverişli şərait yarandığı təqdirdə bu sammiti APEC-in rəsmi proqramına daxil edəcəklər. Məlumata görə, üçtərəfli görüşün keçirilməsi imkanları Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff arasındakı danışıqlar zamanı geniş müzakirə olunub və nə Vaşinqton, nə Pekin, nə də Moskva bu təşəbbüsü rədd etməyib. Rusiya-Ukrayna müharibəsi və ABŞ-İran gərginliyinin kəskinləşdiyi bir dövrdə üç nəhəng gücün – ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Szinpinin bir araya gəlmək ehtimalı beynəlxalq münasibətlər sistemində ciddi siyasi silkələnmə yaratsa da, bu görüşün real dividendləri və geostrateji pərdəarxası böyük suallar doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Natiq Miri üçtərəfli sammit təşəbbüsünün mahiyyətini, Rusiyanın beynəlxalq statusunu və tərəflərin gizli maraqlarını ətraflı şərh edib:
"Hər şeydən öncə, belə bir görüşün baş tutması Rusiya prezidentinin tamamilə təcrid vəziyyətindən çıxması və Rusiyanın qlobal güc statusunun təsdiqi anlamına gəlir. Çünki Tramp və Si Szinpin ilə bərabər səviyyədə masaya oturmaq dünyanın iki deyil, üç hegemon gücünün olduğunu nümayiş etdirməkdir. Hər bir halda, bu, Rusiya üçün edilən ən böyük jestdir. Lakin nəsə vermədən nəsə almaq mümkün deyil; o baxımdan Rusiyadan Ukrayna ilə müharibənin tezliklə bitirilməsi tələb olunacaq. Çünki Ukrayna cəbhəsində Rusiyanın hərbi qələbəsindən əsər-əlamət yoxdur, əksinə, ölkə iqtisadiyyatı sürətlə çökməyə doğru gedir. Təngnəfəs vəziyyətdə olan Moskvaya tanınan bu imkan müəyyən ciddi güzəştlərlə müşayiət olunmalıdır".

Politoloq Si Szinpinin mövqeyinə və sammitin münaqişələrin həllinə olası təsirlərinə diqqət çəkib:
"Əks təqdirdə belə bir görüşün mənası yoxdur. Son vaxtlar ABŞ-də Tramp və Si Szinpin arasında keçirilən görüşdə birmənalı olaraq dünyanın idarə olunmasının iki qlobal güc arasında mümkünlüyü vurğulandı və orada Rusiyanın adı çəkilmədi. Əgər Si Szinpin, həqiqətən, bu üçtərəfli formata razı olarsa, bu, istər Rusiya-Ukrayna, istərsə də ABŞ-İran hərbi qarşıdurmasının bitməsinə ciddi işarə olacaq. Çünki üç qlobal gücün bir hədəfə yönəlməsi halında digər münaqişə tərəfləri — nə Ukrayna, nə də İran bu razılaşma ilə hesablaşmaya bilməz. Lakin mən bu görüşün baş tutacağına hələ də ciddi şübhə ilə yanaşıram. Si Szinpin kimi iki qlobal güc liderliyini əldə edən bir şəxs özündən asılı vəziyyətə düşmüş bir ölkənin rəhbərini yanında görmək və bunu dünyaya nümayiş etdirmək istəməz".
Natiq Miri dünyanın təsir dairələrinə bölünməsi iddialarını rədd edərək fikrini yekunlaşdırıb:
"Bu görüşdən uzağa gedən nəticələr çıxaranlar var, amma düşünmürəm ki, belə bir sammit baş tutsa belə, dünya təsir dairələrinə bölüşdürüləcək səviyyədə qərarlar qəbul edilə bilər. Müasir dünyada bunu etmək çətindir. Çünki sürətlə inkişaf edən yeni güc mərkəzləri var və belə qərarlar yeni münaqişələri tətikləyə bilər. Görüş baş tutsa, müəyyən razılaşmalar müharibələrin bitməsinə rəvac verə bilər, lakin Çin ABŞ-nin ana rəqibi olaraq qalacaq və tərəflər təzyiq mexanizmlərini davam etdirəcəklər. İqtisadi və elmi-texnoloji potensialı zəif olan Rusiyanın bu iki nəhənglə ayaqlaşması mümkün deyil. Hətta Çin belə Rusiyanın bu statusunu qəbul etmir. Ona görə də bu, reallıqdan daha çox sadəcə görüntü xarakterli bir nümayiş olacaq".
Zeynəb Həsən
16:30 22.10.2026
Oxunuş sayı: 56