CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Oqtay Qasımov

12:08 22.10.2026

Növbəti müharibə, az qala, başlayırdı: Qarşısını Tramp alıb

166

İranın xarici işlər naziri Abbas Əraqçinin "Financial Times" qəzetində dərc olunan məqaləsində Birləşmiş Ştatlar ilə diplomatiyaya və danışıqlara daha bir şans verməyə hazır olduqlarını bəyan etməsi Yaxın Şərqdə geostrateji gərginliyin pik həddə çatdığı bir vaxtda beynəlxalq ictimaiyyətin diqqətini yenidən Tehran-Vaşinqton xəttinə yönəldib. Əraqçi Birləşmiş Ştatların etimad yaratmaq və ədalətli həllə nail olmaq üçün səmimi istəyinin güclü sübutlarını görəcəkləri təqdirdə diplomatiyaya üstünlük verəcəklərini, əks halda müharibə variantının Ağ Ev üçün daha böyük strateji uğursuzluqla nəticələnəcəyini vurğulayıb. Lakin görünən odur ki, Vaşinqtonun Tehranın keçən ay irəli sürdüyü yeddi bəndlik təklif paketini rədd etməsi və tərəflərin Hörmüz boğazından tutmuş regional proksi qüvvələrə, nüvə proqramından enerji marşrutlarına nəzarətə qədər bütün prinsipial məsələlərdə zidd mövqedə durması aktiv diplomatik fazadan danışmağa imkan vermir. Birləşmiş Ştatlar Yaxın Şərqdə logistika və enerji arteriyalarını tam nəzarətə almaq, Tehranın raket potensialını məhdudlaşdırmaq niyyətində olduğu halda, İran ABŞ hərbi bazalarının bölgədən tamamen çıxarılmasını tələb edir. Bu fonda Donald Trampın aralıq seçkilərindən və İsraildəki seçki prosesindən sonra İrana qarşı hərbi əməliyyatların bərpası planını masa üzərində saxlaması gələcək qarşıdurma riskini daha da artırır. Netanyahu oktyabr ayında İrana qarşı lokal hərbi əməliyyatlar keçirməyə cəhd etsə də, Vaşinqtonun seçki öncəsi verdiyi veto bu ssenarini müvəqqəti dondurub. Hazırda vasitəçilər üzərindən aparılan çox passiv təmaslar mənzərəni dəyişmir və gözlər gələn ay ABŞ və Rusiya liderləri arasında keçirilməsi nəzərdə tutulan sammitə dikilib. Məhz həmin zirvə görüşündə İran mövzusunda əldə olunacaq mümkün pərdəarxası razılaşmalar Yaxın Şərqin növbəti hərbi-siyasi taleyinə tam aydınlıq gətirəcək. Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Oqtay Qasımov İran XİN rəhbərinin bəyanatının real mahiyyətini və tərəflər arasındakı dərinsəviyyəli ziddiyyətləri şərh edib: "Əraqçinin dünənki açıqlaması diqqətçəkici olsa da, nəzərə almaq lazımdır ki, İranın mövqeyi heç də yumşaq deyil. Əraqçinin fikirlərində İranın bir müddət öncə – keçən ay irəli sürdüyü və Ağ Ev rəhbəri Donald Trampın rədd etdiyi yeddi təklifin qəbul olunmasından söhbət gedir. Hazırkı şəraitdə İranla ABŞ arasında etimad mühiti sıfırdır və Əraqçi də bəyan etdi ki, onlar hər dəfə ABŞ ilə danışıqlardan sonra hava hücumuna məruz qalıblar. Tərəflərin məsələlərə baxışı və maraqları tamamilə diametral şəkildə ziddiyyət təşkil edir".

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR