"Kartdan - karta" ödəniş "başımızı necə ağrıdır"?
Son vaxtlar bəzi mağaza və iaşə obyektlərində ödəniş zamanı POS terminaldan istifadə edilməməsi diqqət çəkir. Alıcılar bildirirlər ki, onlardan məhsul və ya xidmət haqqını birbaşa bank kartına köçürmə yolu ilə ödəmələri istənilir. Belə hallarda isə əksər vaxt müştəriyə nə kassa çeki təqdim olunur, nə də ödəniş rəsmi şəkildə qeydə alınır. Bu üsul həm maliyyə şəffaflığı, həm də vergi nəzarəti baxımından müəyyən suallar yaradır. Eyni zamanda, istehlakçılar da rəsmi ödəniş etmək və çek almaq hüququnun məhdudlaşdırıldığını düşünürlər. Mövzu son vaxtlar cəmiyyətdə daha çox müzakirə olunmağa başlayıb.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli məsələ ilə bağlı Crossmedia.az-a danışıb. İqtisadçı bir sıra vacib məqama nəzər yetirib:
"Əgər ticarət və ya iaşə obyektində POS terminal mövcuddursa, lakin satıcı bilərəkdən ödənişi şəxsi kart hesabına “kartdan-karta” köçürmə yolu ilə qəbul etməyə çalışırsa, bu, bir sıra hallarda qanunvericiliyin tələblərinə zidd hesab oluna bilər. Çünki sahibkarın fəaliyyəti üzrə dövriyyə rəsmi şəkildə uçota alınmalı, alıcıya kassa çeki təqdim edilməli və əməliyyat şəffaf formada aparılmalıdır. “Kartdan-karta” köçürmə isə bəzən vergi uçotundan yayınmaq və real dövriyyəni gizlətmək məqsədi daşıya bilər. İstehlakçı hüquqları baxımından vətəndaşın rəsmi ödəniş etmək və kassa çeki tələb etmək hüququ var. Əgər satıcı POS-terminaldan istifadə etməkdən imtina edirsə və ya çek təqdim etmirsə, vətəndaş həmin obyektdən çek tələb etməli, imtina halında isə aidiyyəti qurumlara şikayət edə bilər. Bu cür halların Dövlət Vergi Xidməti və digər nəzarət orqanları tərəfindən araşdırılması mümkündür. Çünki çek verilməməsi həm istehlakçı hüquqlarını məhdudlaşdırır, həm də dövlət büdcəsinə vergi daxilolmalarına təsir göstərir".
A.Nəsirlinin bildirdiyinə görə, “Kartdan-karta” ödəniş zamanı istehlakçı müəyyən risklərlə də üzləşə bilər: "Ən əsas risk ondan ibarətdir ki, rəsmi ödəniş sənədi olmadığı üçün sonradan məhsulun qaytarılması, zəmanət xidməti və ya hüquqi mübahisə zamanı alıcının öz hüququnu sübut etməsi çətinləşə bilər. Bundan başqa, belə ödənişlər ƏDV geri qaytarılması imkanını da aradan qaldırır. Yəni vətəndaş həm hüquqi təminatdan, həm də müəyyən maliyyə üstünlüklərindən məhrum olur. Bu səbəbdən istehlakçılar mümkün qədər rəsmi ödəniş üsullarına üstünlük verməli, POS-terminal vasitəsilə ödəniş edib çek tələb etməlidirlər. Bu, həm şəxsi hüquqların qorunması, həm də iqtisadi şəffaflığın təmin olunması baxımından vacibdir".
Fatimə Məmmədova
18:38 11.05.2026
Oxunuş sayı: 78