Zəncirvari qəzaların qarşısını necə almaq olar? – Ekspertdən ŞOK XƏBƏRDARLIQ
Yollarda baş verən qəzaların qarşısının alınması yalnız sürücünün yol hərəkəti qaydalarına əməl etməsindən asılı deyil. Nəqliyyat vasitəsinin texniki vəziyyəti, sürücünün idarəetmə davranışı, yol şəraiti, nəqliyyat axınının intensivliyi və digər amillər birlikdə yol hərəkətinin təhlükəsizliyini müəyyənləşdirir. Bu amillərdən hər hansı birində yaranan problem xüsusilə intensiv hərəkət zamanı qəzanın miqyasını daha da böyüdə bilər. Xüsusilə bir avtomobilin qəza törətməsindən sonra digər nəqliyyat vasitələrinin də toqquşmaya cəlb olunması ciddi təhlükə yaradır. Belə zəncirvari qəzaların qarşısının alınması üçün sürücülərin məsafə saxlaması ilə yanaşı, nəqliyyat axınının düzgün tənzimlənməsi, sürət rejiminə əməl olunması və yolda baş verən təhlükəli vəziyyətə vaxtında reaksiya verilməsi mühüm əhəmiyyət daşıyır. Bəs yol hərəkətinin təhlükəsizliyində sürücü, avtomobil və yol mühiti arasında koordinasiya necə təmin edilməlidir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı bütün proseslərin əsasında “sürücü–avtomobil–mühit” zəncirindən ibarət vahid sistem dayanır.

Ekspert qeyd edib ki, nəqliyyat vasitəsinin idarə edilməsi, istismarı və idarəetmə qaydalarının pozulması, həmçinin sürücünün idarəetmə zamanı nəqliyyat vasitəsinə nəzarəti itirməsi ayrı-ayrılıqda deyil, bütöv bir sistem çərçivəsində qiymətləndirilməlidir:
“Nəqliyyat vasitələrinin idarə edilməsi, istismarı, istismar və idarəetmə qaydalarının pozulması, eləcə də idarəetmə zamanı sükan mexanizminə nəzarətin itirilməsi kimi bütün halların əsasında “sürücü–avtomobil–mühit” zəncirindən ibarət vahid bir sistem dayanır. Bu sistem avtomobilin identifikasiyasını, idarə olunmasını və əsaslandırılmış prosedur qaydalarını özündə ehtiva edir. Bugünkü gündə nəqliyyat vasitələrinin idarə edilməsi zamanı, birinci növbədə, yol hərəkəti qaydalarına riayət etmək vacibdir. Lakin bu idarəetmənin müəyyən prinsiplərini həyata keçirərkən nəqliyyat axınlarının tənzimlənməsi, onların rəvanlığının təmin edilməsi və müvafiq subordinasiyanın gözlənilməsi də böyük əhəmiyyət kəsb edir”.
Ekspert hesab edir ki, yol hərəkətində təhlükəsizliyin təmin olunması üçün əsas məsələlərdən biri də qəza zamanı hadisənin digər nəqliyyat vasitələrinə təsirinin qarşısını almaqdır:
“Nəqliyyat axınlarının idarə olunmasında əsas məqsədlərdən biri zəncirvari qəza risklərinin aradan qaldırılmasıdır. Yəni elə bir şərait yaradılmalıdır ki, hər hansı bir nəqliyyat vasitəsi qəza etdikdə belə, bu, zəncirvari qəzaya — bir neçə avtomobilin toqquşmasına və daha böyük problemlərin yaranmasına səbəb olmasın. Bütün bu amillər bir-biri ilə sıx əlaqədədir və vahid bir sistem təşkil edir. Onların arasında düzgün koordinasiyanın və subordinasiyanın bərqərar olunması nəqliyyat axınının təhlükəsiz və nizamlı idarə olunmasını təmin edir. Bu baxımdan, yol hərəkətində yalnız sürücünün davranışı deyil, avtomobilin texniki vəziyyəti və mövcud yol-mühit şəraiti də birlikdə nəzərə alınmalıdır”.
Zeynəb Həsən
14:00 07.10.2026
Oxunuş sayı: 179