Hantavirusun Azərbaycanda yoluxma dinamikasının minimum olması üçün nə etməliyik?
Aylarla, illərlə dünyanı cənginə alan COVID-19 pandemiyasının izləri hələ də unudulmamışkən, indi də hantavirusla bağlı xəbərlər narahatlıq yaratmağa başlayıb. Dünyanın bir sıra ölkələrində yayılmağa başlayan virus artıq ölüm halları ilə də gündəmə gəlir. Belə ki, hantavirusun ilkin simptomları adi qripi xatırladır. Yüksək hərarət, halsızlıq, əzələ ağrıları, ürəkbulanma və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərən virus sonrakı mərhələdə ağciyər və böyrəklərdə ciddi fəsadlar yarada bilir. Virusun yayılması ilə bağlı xəbərlər cəmiyyətdə ciddi narahatlıq doğurub. İnsanlar COVID-19 dövrünün yenidən təkrarlana biləcəyindən ehtiyat edir, hantavirusun Azərbaycanda da yayılma riskinin olub-olmaması isə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov Crossmedia.az-a açıqlamasında sözügedən virusun əsasən heyvanlar arasında geniş yayıldığını bildirib: “Bu virusun insandan insana keçməsi olduqca nadir hallarda müşahidə olunur. Xəstəlik insanlarda əsasən ağciyər və böyrəklərə ciddi ziyan vurur. Təəssüf ki, onun xüsusi müalicə üsulu mövcud deyil. Yalnız virus əleyhinə preparatlardan istifadə oluna bilər. Hər il dünyada təkcə qrip səbəbindən minlərlə insan həyatını itirir. İnsanlar isə çox vaxt qripi adi xəstəlik kimi qəbul edirlər. Halbuki, bu məsələyə daha ciddi yanaşmaq lazımdır. Gigiyenik qaydalara əməl olunmalı, maska və əlcəklərdən istifadə edilməlidir ki, virusa yoluxma riski minimuma ensin. Azərbaycanda da virusun yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi vacibdir”.
Fatimə Məmmədova
18:57 11.05.2026
Oxunuş sayı: 55