ABŞ Avropadan Rusiyaya qarşı bəyanatlarını yumşaltmağı istəyib
ABŞ Müdafiə Nazirliyi bir sıra NATO ölkələrindən Rusiyanın yaratdığı təhlükə ilə bağlı ictimai bəyanatlarında daha təmkinli olmağı xahiş edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ rəsmiləri son həftələrdə Litva, Latviya və Estoniya da daxil olmaqla, bir neçə NATO üzvü ilə ikitərəfli görüşlərdə Rusiyaya dair açıqlamaların tonunun yumşaldılmasını istəyiblər. Vaşinqton hesab edir ki, bəzi Avropa liderlərinin və rəsmilərinin sərt bəyanatları qitənin təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Mənbələrin bildirdiyinə görə, Pentaqonun siyasət məsələləri üzrə rəhbəri Elbric Kolbi Baltikyanı ölkələrin nümayəndələrinə Rusiyanı təhrik edəcək ifadələrdən çəkinməyi tövsiyə edib. O, Avropa liderlərinin Rusiyanı “küncə sıxılmış siçovul” kimi təsvir etməsini məqsədəuyğun olmayan ritorikaya nümunə göstərib.
ABŞ-nin bu çağırışı NATO daxilində Rusiyadan gələn təhlükənin necə təqdim olunması ilə bağlı fikir ayrılıqlarının mövcud olduğu bir vaxta təsadüf edir. Bəzi Qərb rəsmiləri hesab edirlər ki, Moskvanın yaratdığı təhlükənin həddindən artıq qabardılması Rusiyanın maraqlarına xidmət edə bilər. Digərləri isə Avropa ictimaiyyətinin müdafiə xərclərinin artırılmasının zəruriliyini anlaması üçün təhlükələr barədə açıq danışmağın vacib olduğunu bildirirlər.
Pentaqon məsələ ilə bağlı şərh verməkdən imtina edib. NATO və Baltikyanı ölkələrin müdafiə qurumları da sorğulara cavab verməyiblər.
23:37 30.10.2026
Oxunuş sayı: 62