Plutondan da uzaqda yerləşən nəhəng obyekt aşkarlanıb
Astronomlar Günəş sistemində Plutonun orbitindən kənarda yerləşən yeni cırtdan planet namizədi aşkar ediblər. ED138 adı verilən səma cisminin gələcək müşahidələrlə təsdiqlənəcəyi təqdirdə, Günəş sisteminin tanınmış cırtdan planetləri sırasına qoşulacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, CNN bu barədə məlumat yayıb.
Kəşf Çilidə yerləşən Vera C. Rubin Rəsədxanasının topladığı məlumatların təhlili nəticəsində edilib. Alimlər 2026-cı ilin əvvəlində qeydə alınmış milyardlarla hərəkət edən obyekt arasından ED138-i müəyyənləşdiriblər.
Tədqiqatçılar obyektlə bağlı əlavə müşahidələr apararaq onun orbitini dəqiqləşdiriblər. Məlum olub ki, ED138 Günəşdən təxminən 46 astronomik vahid məsafədə yerləşir. Bu, onun Plutondan daha uzaqda olduğunu göstərir.
İlkin hesablamalara əsasən, obyektin diametri 600–1500 kilometr arasında dəyişə bilər. Bu göstərici təsdiqlənərsə, ED138 hazırda tanınan ən kiçik cırtdan planet olan Sereradan da böyük ola bilər.
Bununla belə, astronomlar ED138-in hələ rəsmi olaraq cırtdan planet statusu almadığını vurğulayırlar. Bunun üçün onun fiziki ölçüləri və digər xüsusiyyətləri əlavə müşahidələrlə dəqiqləşdirilməlidir.
Beynəlxalq Astronomiya İttifaqı hazırda beş cırtdan planeti tanıyır: Serera, Pluton, Haumea, Makemake və Erida. ED138-in statusu təsdiqlənərsə, bu siyahıya yeni səma cismi əlavə olunacaq.
Alimlərin fikrincə, Vera C. Rubin Rəsədxanasının geniş müşahidə imkanları yaxın illərdə Günəş sisteminin indiyədək məlum olmayan digər obyektlərinin də aşkarlanmasına şərait yarada bilər.
00:30 31.10.2026
Oxunuş sayı: 52