G20 toplantısında Rusiya ilə bağlı narazılıq yaşanıb
ABŞ-ın Atlanta şəhərində keçirilən G20 xarici işlər nazirlərinin görüşü Rusiya və bəzi Avropa ölkələri arasında yaranan fikir ayrılıqları səbəbindən ənənəvi qrup fotosu çəkilmədən başlayıb.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, bəzi avropalı diplomatlar Rusiya xarici işlər naziri Sergey Lavrovla eyni fotoda yer almaq istəməyiblər. Bu səbəbdən ABŞ ənənəvi qrup fotosunun çəkilişini ləğv edib. Nazirlər foto çəkdirmədən birbaşa açılış iclasına keçiblər.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Avropa tərəfdaşlarının Lavrovla birlikdə fotoda görünməsi nəzərdə tutulmur. O, Rusiya ilə münasibətlərin normal olmadığını vurğulayıb.
Görüşün açılışında çıxış edən ABŞ dövlət katibi Marko Rubio G20 ölkələrini iqtisadi və geosiyasi böhranlara qarşı birgə fəaliyyət göstərməyə çağırıb. O, qlobal enerji və ərzaq təchizatı, ticarət və dəniz nəqliyyatı azadlığının ciddi çağırışlarla üzləşdiyini bildirib.
İki gün davam edəcək toplantıda Rusiya-Ukrayna müharibəsi və İran ətrafındakı vəziyyət də daxil olmaqla, beynəlxalq gündəmin aktual məsələlərinin müzakirəsi gözlənilir.
21:53 30.10.2026
Oxunuş sayı: 47