Ermənistanda radikal millətçilik yenidən güclənir? - İrəvanda Türkiyə bayrağı yandırıldı
Ermənistanın paytaxtı İrəvanda keçirilən “məşəl yürüşü” zamanı Türkiyə bayrağının yandırılması, regionda hələ də radikal millətçilik və şovinist meyillərin mövcudluğunu bir daha ortaya qoyur.
Bu cür davranışlar təkcə qonşu ölkələrə qarşı düşmənçilik nümayişi deyil, həm də beynəlxalq hüququn, dövlətlərin suverenliyinə və qarşılıqlı hörmət prinsiplərinə açıq şəkildə ziddir.
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən qətiyyətlə pislənilən bu hadisə, Ermənistan daxilində şovinist ideologiyanın müəyyən qruplar tərəfindən hələ də təşviq edildiyini və ictimai-siyasi mühitə təsir göstərməyə çalışdığını göstərir.
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov Crossmedia.az-a açıqlama verib:

“Bu hadisə Ermənistan cəmiyyətinin böyük hissəsinin nə qədər xəstə düşüncəli və revanşist meyilli olduğunu bir daha göstərir. Çox təəssüf ki, Ermənistanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti bu cür insanlardan ibarətdir.
Qarşıdan gələn parlament seçkilərində iştirak edəcək qüvvələrə gəldikdə isə, yalnız Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” və ya “Vətəndaş Müqaviləsi” partiyası istisna olmaqla, yerdə qalan partiyalar bu ideologiyanın daşıyıcılarıdır.
Bu isə bir daha həm bizi, həm Türkiyəni, həm də ümumilikdə Qərb dünyasını düşünmək məcburiyyətində qoyur. Bu parlament seçkiləri təkcə Ermənistan üçün deyil, ümumilikdə region üçün çox mühüm əhəmiyyət daşıyır. Çox mühüm əhəmiyyəti olan seçkilərdir.
Paşinyanın qarşısında Rusiya meyilli qüvvələr dayanıb. Çox təəssüf ki, Paşinyandan başqa, onun rəhbərlik etdiyi partiyadan başqa Qərb yönümlü partiyaların heç birinin parlamentdə səs qazanmaq şansı yoxdur.
Bu isə bir daha Paşinyanın tutduğu mövqenin nə qədər çətin və eyni zamanda bölgəmiz üçün nə qədər dəyərli olduğunu göstərir. İlk dəfədir ki, Ermənistanda bir siyasi lider “Qarabağ məsələsini qaldırmamalıyıq” deyir. Erməni abidələri ilə bağlı yersiz müzakirələri qaldıranlara qarşı da bu cür məsələlərdən uzaq olmalıyıq fikrini səsləndirir. Biz Azərbaycanla, Türkiyə ilə münasibətlərimizi qorumaq barədə düşünməliyik, deyir”.
A.Səmədov qeyd edib ki, “Bizim Azərbaycana atacağımız addım Azərbaycanın qarşılıq verməsi ilə nəticələnəcək və bu bizim üçün kifayət qədər problemlər yaradacaq” deyir:
“Bunu yalnız Paşinyan deyir. Təbii ki, bu cür mövqedə dayanmaq da o qədər asan deyil. İstər-istəməz Ermənistandakı seçkilərin taleyi ilə bağlı narahatlıq keçirmək məcburiyyətindəyik.
Əgər revanşist qüvvələr, düşmənçilik təbliğ edən qüvvələr, tarixi təhrif edərək özlərini “incidilmiş millət” kimi göstərmək istəyən qüvvələr qalib gəlsələr, bölgədə əmin-amanlığın və əməkdaşlığın olması qeyri-mümkün olacaq.
Açıq demək lazımdır ki, Paşinyanın bu seçkilərdə vəziyyəti, müharibədən dərhal sonra keçirilən seçkilərdə olduğundan daha ağırdır. O, məğlubiyyətdən özünə gəlmiş, tarixin ən böyük məğlubiyyətini yaşamış və məğlubiyyətə uğramış bir vəziyyətdən çıxmışdır. Lakin indi vəziyyət daha çətindir.
Mən ümid edirəm ki, lazımi dəstək göstəriləcək və Ermənistan hakimiyyətinin bu kursu bundan sonra da davam edəcək”.
Ayhan
16:30 24.04.2026
Oxunuş sayı: 487