Varis Yolçuyev: “Sağ olan müəlliflərin bəxti gətirib”
23 aprel dünyada kitabın və yaradıcı sözün dəyərinin vurğulandığı xüsusi bir gündür. Bu tarix hər il Ümumdunya Kitab və Müəlliflik Hüquqları Günü kimi qeyd olunur. Günün əsas məqsədi kitab oxuma mədəniyyətini təşviq etmək və müəllif əməyinə diqqət çəkməkdir. Kitab insanın düşüncə dünyasını formalaşdıran ən mühüm vasitələrdən biri hesab olunur. Müəllif hüquqları isə yaradıcı əməyin qorunmasını təmin edən əsas hüquqi mexanizmdir. Bu gün həm yazıçıların, həm də oxucuların bir araya gəldiyi mənəvi bir dəyər daşıyır. Cəmiyyətin intellektual inkişafında kitabların rolu hər zaman xüsusi əhəmiyyət kəsb edir. Rəqəmsal dövrdə informasiya çoxalsa da, kitabın verdiyi bilik daha sistemli və dərin hesab olunur. Buna görə də 23 aprel həm oxumağın, həm də yaradıcı əməyə hörmətin günü kimi qəbul edilir. Bu tarix insanları düşünməyə, oxumağa və yazılan hər sözün dəyərini anlamağa çağırır.

Yazıçı, jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü, Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Varis Yolçuyev Crossmedia.az-a bu gün münasibətilə açıqlama verib. Onun sözlərinə görə, oxuma mədəniyyəti və oxucu sayı cəmiyyətin mütaliəyə, kitaba münasibəti ilə şərtləndirilir: “İKT-nin sürətli inkişafı 3-cü minillikdə bütün dünyada oxucu sayını azaldıb. Bu, oxucu auditoriyasında daha keyfiyyətli mütaliə mühiti yaradıb. Yəni kəmiyyət azalıb, keyfiyyət artıb. Müəllif hüquqları qorunur. Belə ki, Əqli Mülkiyyət Agentliyində müəllif öz kitabına müəlliflik hüququ şəhadətnaməsi ala bilir. Amma faktiki olaraq pirat kitab bazarında yüz minlərlə kitab dövriyyədədir. Mənim əvvəlki illərdə çıxan 9-10 kitabımın pirat nüsxələri hələ də satışdadır. Bu, böyük bir şəbəkədir. İşbazlar qanundakı boşluqdan istifadə edərək böyük tirajla çap etdikləri kitabları “öz istifadəm üçün cəmi 100 nüsxə kserokopiya etdirmişəm” deyərək məsuliyyətdən yayınırlar. Yalnız yeni nəşrlərim güclü nəşriyyat nəzarəti və holoqramla pirat hücumlarından qoruna bilib”.
Yazıçı, həmçinin qeyd edib ki, elektron kitablarla çap kitabları arasında elə də ciddi fərq yoxdur, onlar eyni qütbdür: “Sosial şəbəkələrə gəldikdə isə vəziyyət tamamilə fərqlidir. Ədəbi orqanlarda və media resurslarında müəyyən seçim və tələbkarlıq olduğu halda, burada hər kəsin özünü dərc etmək azadlığı var. Hər kəs şeir, esse, hekayə paylaşır, bəzən isə məşhurlaşmaq istəyən şəxslər başqasının əsərini öz adı ilə paylaşaraq kütləvi bəyənmə də əldə edir. Burada hələ sağ olan müəlliflərin bəxti gətirib ki, ən azı öz iradlarını bildirə bilirlər. Mərhumlar isə bu acınacaqlı vəziyyətin qurbanına çevrilirlər”.
Fatimə
18:09 23.04.2026
Oxunuş sayı: 54