Əhməd Şəfəq Bakını necə coşdurdu? - möhtəşəm konsertdən təəssüratlar
Bakı şəhərində Heydər Əliyev Sarayı səhnəsində Türkiyənin tanınmış sənətçisi Əhməd Şəfəqin iştirakı ilə konsert proqramı baş tutub.
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına verdiyi töhfələrə görə “Tərəqqi” medalı ilə təltif olunmuş sənətçinin çıxışı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Crossmedia.az xəbər verir ki, tədbir Azəri Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə reallaşıb.
Konsert proqramı iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib. Səsləndirilən musiqi nömrələri tamaşaçılara unudulmaz anlar yaşadıb, zalda yüksək əhval-ruhiyyə yaradıb.
Gecə boyu səhnədə təqdim olunan repertuar milli musiqi elementləri ilə zəngin olub və dinləyicilər tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Tədbir iştirakçıları konsertin Azərbaycan-Türkiyə dostluq münasibətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Qeyd edək ki, Əhməd Şəfəq Türkiyənin tanınmış müğənnilərindən biridir. O, özünəməxsus ifa üslubu, emosional səhnə performansı və milli musiqi elementlərini müasir tərzdə təqdim etməsi ilə seçilir.
Sənətçi müxtəlif beynəlxalq səhnələrdə çıxış edərək, Türkiyə musiqisinin tanıdılmasına və ölkələr arasında mədəni əlaqələrin inkişafına töhfə verir.
Elmir
11:15 18.04.2026
Oxunuş sayı: 1013