Əsl sənət nə ilə ölçülür – istedadla, yoxsa qazanc ilə? - Afaq Bəşirqızı
Bu gün, 15 aprel bir çox mənbələrdə “Beynəlxalq Mədəniyyət Günü” kimi qeyd edilsə də, rəsmi olaraq UNESCO tərəfindən qəbul olunan tarix Dünya İncəsənət Günüdür.
Bu günün seçilməsinin səbəbi isə təsadüfi deyil. Belə ki, 15 aprel 1452-ci ildə Leonardo da Vinçinin doğum günüdür. UNESCO bu günü 2019-cu ildə rəsmi şəkildə təsdiqləyərək incəsənətin cəmiyyətlər üçün rolunu ön plana çıxarıb.
Bəs niyə incəsənət günü ayrıca qeyd olunur?
Çünki incəsənət təkcə “gözəllik” deyil. O, tarixdir, siyasətdir, yaddaşdır və bəzən də etirazdır. Rəsm, musiqi, teatr və ədəbiyyat cəmiyyətin danışa bilmədiyi mövzuları danışır.
Müharibələrdən, sosial dəyişikliklərdən, insan hüquqlarından ən çox xəbər verən məhz mədəni ifadə formaları olur. Araşdırmalar göstərir ki, mədəniyyət və incəsənət sahəsinə investisiya edən ölkələrdə sosial birləşmə daha güclü olur. Çünki mədəniyyət insanları yalnız əyləndirmir, onları bir-birinə yaxınlaşdırır.
Amma burada bir paradoks var: mədəniyyət çox vaxt “ikinci dərəcəli” sahə kimi qəbul edilir. İqtisadi böhranlar, siyasi gərginliklər zamanı ilk kəsilən də mədəniyyət layihələri olur.
Halbuki, ekspertlər deyir ki, cəmiyyətin uzunmüddətli sabitliyi üçün məhz mədəniyyət əsas sütunlardan biridir.
Azərbaycanda da mədəniyyət anlayışı təkcə klassik sənətlərlə məhdudlaşmır. Muğam, xalçaçılıq, aşıq sənəti kimi ənənələr UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Bu isə göstərir ki, mədəniyyət həm keçmişdir, həm də gələcək.
Bu günün əsas sualı isə dəyişmir: biz mədəniyyəti yalnız qoruyuruq, yoxsa onu yaşadırıq?
Çünki mədəniyyət vitrində saxlanan bir anlayış deyil. O, hər gün danışdığımız dildə, seçdiyimiz sözlərdə və bir-birimizə göstərdiyimiz münasibətdə yenidən yaranır.
Bu barədə Crossmedia.az-a fikirlərini bildirən xalq artisti Afaq Bəşirqızı aktyor-aktrisanın ən güclü silahından danışıb:
"Aktrisanın ən böyük xoşbəxtliyi onu aktrisa adlandırmaqdır. Bu, maaş və ya işlə bağlı deyil, əsl aktrisa olmaqdır. İstedad isə doğulur, onu Allah verir.
Səhnədə danışığı və hərəkətləri institut öyrədir. İstedad aktrisanın əsas keyfiyyətidir. Belə ki, insan özü-özünü görməlidir. Sən də özünü görməlisən".
Afaq Bəşirqızı maraqlı məqama da toxunub:
"Məsələn, mən aktrisayam və Kleopatra rolunu oynamaq istəyirəm, xaricim Kleopatra ola bilər, amma daxilim deyilsə, cəmiyyət, ən əsası da tamaşaçılar necə biləcək ki, daxilimdə nə ola bilər?".
Fatimə
13:30 15.04.2026
Oxunuş sayı: 499