Bakı-İrəvan yaxınlaşır - Ankara prosesə necə daxil olacaq?
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun Türkiyənin Azərbaycan-Ermənistan yaxınlaşmasını müsbət qiymətləndirdiyini bəyan etməsi regionda yeni geosiyasi əməkdaşlıq imkanlarını yenidən gündəmə gətirib.
Cənubi Qafqazda sülh prosesinin irəliləməsi fonunda əsas müzakirə mövzularından biri də budur: əgər Bakı ilə İrəvan arasında münasibətlər normallaşarsa, gələcəkdə Ankara da bu prosesə qoşularaq üçtərəfli dialoq platformasının formalaşmasına töhfə verə bilərmi?
Eyni zamanda, belə bir yaxınlaşma yalnız siyasi deyil, iqtisadi müstəvidə də yeni əməkdaşlıq formatlarının yaranmasına, o cümlədən Türkiyənin Azərbaycan-Ermənistan iqtisadi əlaqələrində aktiv tərəfdaş kimi iştirakına zəmin yarada bilər.
Mövzu ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Crossmedia.az-a açıqlama verib:

"Numan Kurtulmuşun Türkiyə-Azərbaycan-Ermənistan yaxınlaşmasını müsbət qiymətləndirməsi gözlənilən mövqedir və bu fikirlərə təbii yanaşmaq lazımdır. Çünki Türkiyə regionda daimi və davamlı sülhdə maraqlıdır, eyni zamanda, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlıdır.
Bu baxımdan onun belə bir mövqe sərgiləməsi, qeyd etdiyimiz kimi, tamamilə gözləniləndir.
Təbii ki, gələcəkdə hər üç ölkə arasında ortaq iqtisadi və logistik layihələr həyata keçirilə bilər. Bu, ən çox ehtimal olunan mümkün ssenarilərdən biridir və tamamilə mümkündür.
Amma əlbəttə ki, bütün bunların baş verməsi üçün ilk növbədə Ermənistan-Azərbaycan münasibətlərində müsbət dinamika qorunub saxlanmalıdır və nəhayət, iki ölkə arasında sülh müqaviləsi imzalanmalıdır.
Yəni bölgədə regional iqtisadi əlaqələrin və iqtisadi inteqrasiyanın taleyi, söhbət üç ölkədən gedirsə, ilk növbədə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından asılıdır.
Əgər Ermənistan hökuməti konstruktiv mövqeyini davam etdirərsə və Azərbaycanın gözlədiyi addımları atarsa, qarşıdakı mərhələdə iki ölkə arasında sülh müqaviləsi imzalanacaq və münasibətlərin normallaşması hüquqi, institusional səviyyədə yekunlaşacaq.
Bundan sonra isə təbii ki, həm Azərbaycan-Ermənistan arasında, həm də üç ölkə arasında daha böyük iqtisadi layihələr və əməkdaşlıq imkanları yarana bilər.
Onsuz da Azərbaycan-Ermənistan arasında ötən illərdə, xüsusilə, Brüssel sammitindən sonra ilkin iqtisadi əlaqələrin formalaşdığı müşahidə olunur".
Politoloq qeyd edib ki, gələcəkdə sülh müqaviləsinin imzalanmasından sonra bu əlaqələr daha da genişlənə bilər:
"Türkiyə də bu əlaqələrin genişlənməsində, həm siyasi, həm də iqtisadi proseslərdə fəal iştirak etməkdə maraqlıdır.
Eyni zamanda, son olaraq əlavə etmək istərdim ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması Ermənistan-Türkiyə münasibətlərinə də ciddi şəkildə pozitiv təsir göstərəcək".
Ayhan
13:55 11.04.2026
Oxunuş sayı: 71