Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi zəruridir- Rəy
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanla strateji tərəfdaşlığının daha da gücləndirilməsinə ümid etdiyini bəyan edib.
O, bu barədə "X" hesabında yazıb.
"Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı və hörmətli nazirləri Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir. Biz strateji tərəfdaşlığımızın daha da gücləndirilməsinə və regional əməkdaşlığın inkişafına ümid edirik", - o yazıb.
Maka Boçorişvilinin Azərbaycanla strateji tərəfdaşlığın daha da gücləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər iki ölkə arasında mövcud münasibətlərin yeni mərhələyə keçid imkanlarını gündəmə gətirir. Tarixən siyasi, iqtisadi və enerji sahələrində sıx əməkdaşlıq edən Azərbaycan və Gürcüstan üçün dəyişən geosiyasi reallıqlar fonunda bu tərəfdaşlığın daha da genişləndirilməsi xüsusi aktuallıq kəsb edir.
Bu baxımdan əsas sual ondan ibarətdir ki, mövcud əməkdaşlıq hansı istiqamətlərdə daha da dərinləşdirilə bilər və yeni sahələr üzrə tərəfdaşlıq imkanları necə reallaşdırıla bilər. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, regional təhlükəsizlik, ticarət və investisiya mühiti kimi sahələrdə əməkdaşlığın artırılması hər iki ölkə üçün strateji əhəmiyyət daşıya bilər.
Mövzu ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Crossmedia.az-a açıqlama verib:
"Azərbaycan və Gürcüstan strateji tərəfdaş dövlətlərdir. Hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə 1990-cı illərin əvvəllərindən etibarən, aralarında sıx əməkdaşlıq formalaşıb. Bu əməkdaşlıq təkcə coğrafi yaxınlıqla deyil, həm də geosiyasi, siyasi və iqtisadi yaxınlıqla şərtlənir.
Hər iki dövlət regionda böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik birgə layihələr həyata keçirir. Bu layihələr həm Azərbaycanın, həm də Gürcüstanın milli maraqlarına tam şəkildə cavab verir. Qeyd etdiyimiz kimi, iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur və bu tərəfdaşlıq müxtəlif istiqamətləri əhatə edir: siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələr.
Düşünürəm ki, bu istiqamətlərin daha da dərinləşdirilməsi mümkündür. Xüsusilə geosiyasi yaxınlıq, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq, logistika və digər sahələrdə hər iki ölkənin geniş potensialı mövcuddur. Bu baxımdan, Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığın müxtəlif aspektlərini daha da inkişaf etdirə və əlaqələrini gücləndirə bilər".
Ekspert qeyd edib ki, həm Cənubi Qafqaz regionunda, həm də ümumilikdə dünyada yeni geosiyasi reallıqlar formalaşır, bu proseslər hər iki ölkə üçün həm yeni imkanlar yaradır, həm də müəyyən risk və təhdidlər ortaya çıxarır: "Bütün bu amilləri nəzərə alaraq, hesab edirəm ki, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi zəruridir. Bu baxımdan xarici işlər nazirlərinin mövqeyi də tam yerində və əsaslı hesab oluna bilər".
Ayhan
18:56 08.04.2026
Oxunuş sayı: 47