Azərbaycan-Gürcüstan münasibətləri - İlham Əliyevin səfəri region üçün nə vəd edir?
Son dövrlərdə Cənubi Qafqaz regionunda baş verən geosiyasi proseslər fonunda dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi xüsusi aktuallıq kəsb edir. Bu baxımdan, İlham Əliyevin Gürcüstana ötən gün həyata keçirdiyi səfər təkcə ikitərəfli əlaqələr baxımından deyil, həm də regional əməkdaşlıq və təhlükəsizlik müstəvisində mühüm hadisə kimi qiymətləndirilir.
Səfər çərçivəsində aparılan müzakirələrin əsas istiqamətlərini enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi təşkil etmişdir.
Xüsusilə, Orta Dəhlizin funksionallığının artırılması, regionun tranzit imkanlarının genişləndirilməsi və Avropa ilə Asiya arasında alternativ marşrutların gücləndirilməsi məsələləri ön plana çıxmışdır. Bu isə Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığının yalnız ikitərəfli deyil, həm də qlobal əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir.
Belə bir mürəkkəb və dinamik beynəlxalq şəraitdə baş tutan bu səfər, iki ölkə arasında mövcud olan siyasi dialoqun yüksək səviyyəsini təsdiqləməklə yanaşı, gələcək əməkdaşlıq perspektivlərinin daha da genişlənəcəyinə ciddi zəmin yaradır.
Məsələ ilə bağlı Soydaş İctimai Birliyinin sədri Kamran Ramazanlı Crossmedia.az-a açıqlama verib:

“Əsrlər boyu Gürcüstan və Azərbaycan qonşu dövlətlər kimi daim yüksək səviyyəli münasibətlərə malik olmuşdur. Xüsusilə, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu münasibətlərdə yeni bir mərhələ başlanmışdır. Həmin dövrdə Gürcüstanda dövlət başçısı olan Eduard Şevardnadze ilə onun həm sovet dövründən gələn işgüzar, həm də şəxsi münasibətləri əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaratmışdır.
Məhz bu dövrdən etibarən Gürcüstan-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf etməyə başlamış, bir sıra mühüm dövlətlərarası müqavilələr imzalanmış və münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Bu siyasi kurs sonrakı dövrdə də davam etdirilmiş, Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilərək daha da möhkəmləndirilmişdir.
Bu gün Azərbaycan regionun aparıcı dövləti kimi Cənubi Qafqaz məkanında sülhün və sabitliyin əsas təminatçılarından biri olaraq Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini bütün beynəlxalq platformalarda daim dəstəkləyir.
İki ölkə arasında münasibətlər yalnız siyasi müstəvidə deyil, həm də iqtisadiyyat, təhsil, hərbi əməkdaşlıq və logistika sahələrində geniş şəkildə inkişaf etməkdədir.
Prezident İlham Əliyevin Gürcüstana son səfəri də mürəkkəb regional şərait fonunda xüsusi əhəmiyyət kəsb edir. Bu səfər çərçivəsində nəqliyyat dəhlizləri və regional əməkdaşlıq məsələlərinin müzakirəsi, bütövlükdə bölgənin gələcəyi baxımından mühüm addım kimi qiymətləndirilə bilər.
Qeyd etmək lazımdır ki, Gürcüstanda Prezident İlham Əliyevə böyük rəğbət mövcuddur ki, bu da iki xalq arasında dostluq və qarşılıqlı etimadın bariz göstəricisidir.
Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir.”
Elmir Heydərli
11:22 08.04.2026
Oxunuş sayı: 563