İlham Əliyevin Gürcüstan səfəri - münasibətlər yeni inkişaf mərhələsində
Azərbaycanın regional və beynəlxalq siyasətində mühüm yer tutan qonşu ölkələrlə münasibətlərin inkişafı hər zaman prioritet istiqamətlərdən biri olub.
Bu baxımdan İlham Əliyevin Gürcüstana etdiyi səfərlər yalnız ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi deyil, həm də Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tarixi, iqtisadi və strateji maraqlar üzərində qurulan Azərbaycan-Gürcüstan münasibətləri bu gün regionun əsas əməkdaşlıq modellərindən biri kimi qiymətləndirilir.
Bu səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və müzakirələr iki ölkə arasında siyasi dialoqun daha da dərinləşdirilməsinə xidmət edir.
Xüsusilə, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional layihələr sahəsində əməkdaşlıq tərəflərin ortaq maraqlarını əks etdirir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan iri enerji və logistika layihələrində Gürcüstanın tranzit ölkə kimi rolu bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
Eyni zamanda, bu səfər regionda yeni geosiyasi reallıqlar fonunda tərəflərin mövqelərinin uzlaşdırılması baxımından da diqqət çəkir. Azərbaycan və Gürcüstan arasında formalaşmış qarşılıqlı etimad və siyasi iradə regional əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin yaradır.
Prezident İlham Əliyevin Gürcüstana səfəri bu baxımdan yalnız diplomatik hadisə deyil, həm də regionun gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən mühüm siyasi addım kimi dəyərləndirilə bilər.
Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında artıq mövcud olan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Məlum olduğu kimi, enerji, nəqliyyat və regional təhlükəsizlik sahələri əməkdaşlığın əsas istiqamətlərini təşkil edir və bu sahələrdə koordinasiyalı şəkildə yeni praktiki layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Səfər çərçivəsində Azərbaycan-Gürcüstan münasibətlərinin siyasi, iqtisadi və təhlükəsizlik aspektləri üzrə mühüm məsələlər geniş müzakirə olunmuşdur.
Bu səfər bir neçə əsas istiqamət üzrə dəyərləndirilməlidir. İlk növbədə, Cənubi Qafqaz regionunda sabitliyin qorunması baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi, regional layihələrin koordinasiyasının gücləndirilməsi, xüsusilə, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Orta Dəhlizin inkişafı görüşün əsas mövzularından biri olmuşdur.
Səfərdən sonra Cənub Qaz Dəhlizi çərçivəsində yeni mərhələnin başlanacağı gözlənilir. Avropaya qaz ixracının artırılması məqsədilə koordinasiyalı fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur.
Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi, Orta Dəhliz üzrə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin artırılması və investisiya qoyuluşlarının genişləndirilməsi prioritet istiqamətlərdəndir.
Hazırda təxminən 1 milyard dollar səviyyəsində olan ticarət dövriyyəsinin artırılması üçün sənaye və logistika layihələrinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Müdafiə sahəsi də əməkdaşlığın əsas istiqamətlərindən biridir. Hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması və NATO standartlarına uyğunlaşma istiqamətində əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Gürcüstanın NATO ilə sıx əməkdaşlığı Azərbaycanın da Qərb hərbi standartları ilə tanışlığına əlavə imkanlar yaradır. Eyni zamanda, xüsusi xidmət və hüquq-mühafizə orqanları arasında koordinasiyalı fəaliyyətin genişləndirilməsi planlaşdırılır.
Sərhəd təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın inkişafı, birgə hərbi təlimlərin təşkili və müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi də prioritet məsələlər sırasındadır.
Gürcüstanda yaşayan azərbaycanlı icması da iki ölkə münasibətlərində mühüm rol oynayır. Xüsusilə, Borçalı bölgəsində yaşayan azərbaycanlılar sosial və siyasi baxımdan əlaqələrin möhkəmlənməsində körpü funksiyasını yerinə yetirirlər. Bu baxımdan, səfər kontekstində icmanın rolunun daha da aktuallaşması müşahidə olunur.
Birinci vitse-prezident Mehriban Əliyevanın Gürcüstan istiqamətində fəaliyyəti siyasi dialoqu tamamlayan humanitar diplomatiya nümunəsi kimi qiymətləndirilə bilər.
Onun təşəbbüsləri və görüşləri Gürcüstandakı Azərbaycan icması ilə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir və dövlətlərarası münasibətlərin “yumşaq güc” vasitəsilə inkişafında mühüm rol oynayır.
Parlament səviyyəsində Azərbaycan-Gürcüstan münasibətləri də səfər fonunda xüsusi aktuallıq qazanır. Azərbaycan Respublikasının Milli Məclisi ilə Gürcüstan parlamenti arasında əməkdaşlıq artıq formalaşmışdır və bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Parlament rəhbərləri, komitələr və deputatlar arasında qarşılıqlı səfərlər həyata keçirilir, regional və beynəlxalq platformalarda koordinasiyalı fəaliyyət müşahidə olunur.
Bu əməkdaşlığın daha da dərinləşdirilməsi, qanunvericilik təcrübəsinin mübadiləsi, ortaq təşəbbüslərin irəli sürülməsi və regional təhlükəsizlik məsələlərində vahid mövqedən çıxış edilməsi gələcək dövr üçün əsas prioritetlərdəndir.
Eyni zamanda, rəqəmsal qanunvericilik, kibertəhlükəsizlik və enerji təhlükəsizliyi kimi məsələlər parlamentlərin fəaliyyətində daha geniş yer tutacaqdır.
Parlament diplomatiyası icra hakimiyyəti səviyyəsində əldə olunan razılaşmaların davamlılığını təmin edən mühüm mexanizmdir. Bu baxımdan, Prezidentin səfərindən sonra parlamentlərarası əməkdaşlığın daha aktiv və nəticəyönümlü mərhələyə keçəcəyi gözlənilir.
Nəticə etibarilə, bu səfər iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
Elmir Heydərli
17:32 07.04.2026
Oxunuş sayı: 442