Milli Musiqi və Qlobal Mədəniyyət cəmiyyəti V Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi keçirir
Milli Musiqi və Qlobal Mədəniyyət cəmiyyəti (NMGCS) 2026-cı ildə V Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin Prezidenti, Azərbaycanın Əməkdar artisti, Professor, Dr. Nərgiz Əliyarova bildirib.
"Müsabiqə türkdilli millətlərin xalq mahnılarına həsr olunub.
Müsabiqənin məqsədi türkdilli xalqların zəngin folklor irsinin müasir bəstəkarlıq dili vasitəsilə yeni təqdimatını təşviq etmək, bu irsi beynəlxalq miqyasda tanıtmaq, həmçinin mədəniyyət vasitəsilə xalqlar arasında anlaşma və əməkdaşlıq körpülərini möhkəmləndirməkdir. Hazırkı dövrdə türk xalqlarının mədəni bağlarının qorunması, gücləndirilməsi və ortaq dəyərlərin təbliği xüsusi aktuallıq kəsb edir; müsabiqə də məhz musiqinin birləşdirici gücü ilə bu bağlara töhfə verməyi hədəfləyir.
Müsabiqəyə yaşından asılı olmayaraq bütün dünyadan bəstəkarlar qatıla biləcək. Müsabiqənin şərtlərinə uyğun olaraq hər bir iştirakçı Təşkilat Komitəsi tərəfindən seçilmiş 10 türkdilli xalqın mahnısının istənilən birinin, və ya bir-neçəsinin mövzusunun əsasında bəstələdiyi instrumental (5 ifaçıdan çox olmayaraq) əsər təqdim etməlidir. Müsabiqədə iştirak edən əsərin başlığında istifadə olunan melodiyanın mənşəyi və hansı xalqın yaradıcılığına aidliyi qeyd olunacaq.
Cari il yanvarın 15-də müsabiqənin şərtləri elan olunub. İyulun 1-ə qədər iştirakçılar öz əsərlərini münsiflər heyətinə təqdim edə bilər. İyulun 15-ə qədər münsiflər heyəti əsərlərlə tanış olub onlara qiymət verəcək.
Müsabiqəyə yekun vurulduqdan sonra I (2,000 dollar), II (1,000 dollar) və III (500 dollar) yerlərin laureatları elan olunacaq, onlara pul mükafatları və müsabiqənin Diplomları təqdim olunacaq.
Qalib olan əsərlərin premyerası sentyabrda Bakıda Ü.Hacıbəyli adına Beynəlxalq festival çərçivəsində baş tutacaq.
Oktyabrın 7-də, V Beynəlxalq Bəstəkarlıq müsabiqəsinin yekun konserti Nyu Yorkun Linkoln Mərkəzində keçiriləcək.
Müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları bir toplu şəklində ABŞ Konqreslər kitabxanasının qeydiyyatına salınacaq, fərdi nömrə və ştrix kod ilə Nyu Yorkda nəşr ediləcək və dünyada yayılacaq.
Nəzərinizə çatdırmaq istəyirəm ki, NMGCS tərəfindən təsis olunmuş bu beynəlxalq bəstəkarlıq müsabiqəsi Azərbaycanın musiqi tarixində ilk və yeganə beynəlxalq bəstəkarlıq müsabiqəsidir. İndiyədək keçirilmiş dörd müsabiqə çərçivəsində dünyanın 5 qitəsindən 40-dan çox ölkəni təmsil edən bəstəkar müsabiqədə iştirak etmiş, qaliblər isə müxtəlif ölkələri təmsil edən iştirakçılar arasından seçilmişdir.
Müxtəlif illərdə müsabiqələrin qalibləri Böyük Britaniya, ABŞ, Almaniya, Avstriya, İspaniya, Polşa, Çin Xalq Respublikası, Kolumbiya, Azərbaycan, Gürcüstan və Ukraynanı təmsil edən iştirakçılar olmuşdur.
Beynəlxalq müsabiqələrin keçirilməsində maddi və təşkilatı dəstəyi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət olunub. Qeyd etmək istəyirik ki, Komitə birinci müsabiqədən başlayaraq indiyədək bu yarışmaya həmişə böyük dəstək verib. Müsabiqələrin yekun konsertlərinin Bakıda, Ü.Hacıbəyli beynəlxalq festivalı çərçivəsində keçirilməsində yardımçı olan Mədəniyyət nazirliyinə təşəkkürümüzü bildiririk", - deyə Nərgiz Əliyarova bildirib.
20:02 04.04.2026
Oxunuş sayı: 49