"Zəfər Yolu" layihəsinin təqdimatı keçirilib
Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş "Zəfər Yolu" layihəsinin təqdimatı keçirilib.
Crossmedia.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Akademik Milli Dram Teatrında baş tutan tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, ictimaiyyət və media nümayəndələri iştirak edib.
Təqdimatdan öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Aprel döyüşləri şəhidi, "Murov qartalı" ləqəbli polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova qeyd edib ki, Azərbaycan Ordusunun Aprel döyüşlərində başladığı şanlı yol sonradan 44 günlük Vətən müharibəsində böyük Qələbə ilə nəticələnib. Onun sözlərinə görə, Aprel döyüşləri müasir tariximizdə Qələbəyə aparan yolun başlanğıcı kimixüsusi əhəmiyyət daşıyır.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Aprel döyüşlərində canlarından keçən şəhidlərdən və Azərbaycan Ordusunun gücündən danışıb. Daha sonra tədbirdə çıxış edənlər Aprel döyüşlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı böyük Zəfərin başlanğıcı olduğunu vurğulayaraq, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirin sonunda tanınmış incəsənət xadimlərinin iştirakı ilə şəhidlərin əziz və unudulmaz xatirəsinə ithaf olunmuş "Xatirələr muzeyi" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Kompozisiya Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların real həyat hekayələri əsasında hazırlanıb.
Qeyd edək ki, kompozisiyanın ideya müəllifi Sevinc Orucova, ssenari müəllifi şair-yazıçı İlqar Fəhmi, quruluşçu rejissoru isə əməkdar artist Nicat Kazımovdur.(Report)
21:50 02.04.2026
Oxunuş sayı: 42