Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir.
Crossmedia.az xəbər verir ki, layihə çərçivəsində Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə konsert keçirilib.
Gecədə tanınmış solistlər – Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Tural Ağasıyev və teatrın digər solistləri Taleh Yahyayev, Səma Həmzəyeva, Atəş Qarayev, Mirəli Sarızadə, Fəhmin Əhmədli və Vüqar Əliyev çıxış ediblər. İfaçıları Rəhiməxanım Qurbanova (piano), Səxavət Məmmədov (tar), Mahir Quliyev (kamança) və Loğman Məmmədli (nağara) müşayiət ediblər.
Konsert proqramında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından duet, “Arşın mal alan” operettasından parçalar, eləcə də Müslüm Maqomayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev və Ələkbər Tağıyevin bəstələri, xalq mahnıları, muğam və təsniflər ifa olunub.
Proqramın sonunda bütün solistlərin birgə ifasında Müslüm Maqomayevin “Azərbaycan” (sözləri Nəbi Xəzrinin) mahnısı səsləndirilib.
Qeyd edək ki, qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.
Layihə regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri və yaradıcı kollektivlərlə əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin inkişafına və yeni yaradıcılıq platformalarının formalaşmasına töhfə verəcək. Qastrollar eyni zamanda tamaşaçıların asudə vaxtının səmərəli təşkilinə imkan yaradacaq, regionların mədəni cəlbediciliyini artıracaq və ölkə daxilində mədəni turizmin inkişafına əlavə stimul olacaq.
17:37 02.04.2026
Oxunuş sayı: 44