Hər kəsi anlayırdı, amma... Dilarə Əliyevadan Rasim Balayev xatirəsi
Böyük sənətkar, xalq artisti Rasim Balayev bu dünyadan köçdü. Onun itkisi yalnız Azərbaycan teatr və kino sənəti üçün deyil, bütün sənətsevərlər üçün böyük boşluq yaratdı.
Lakin sənətkarı itirsək də, onun yaratdığı obrazlar, oynadığı rollar və qoyduğu iz heç vaxt yox olmayacaq. Rasim Balayevin sənəti həmişə bizimlə qalacaq, gələcək nəsillərə ilham verməyə davam edəcək.
Hər kəs tərəfindən sevilən, yalnız Azərbaycanda deyil, dünya səviyyəsində də tanınan və hörmət edilən sənətkar dünən son mənzilə yola salındı. Onun xatirəsi, təmkinli insanlığı, səhnədəki və ekrandakı möhtəşəm obrazları daim yaddaşımızda yaşayacaq.
Bu itkini hiss edərkən, biz onun sənətinə və insani dəyərlərinə bir daha nəzər salır, onun yaratdığı irsi və xatirəsini yad edirik.
Əməkdar artist Dilarə Əliyeva Crossmedia.az-a Rasim Balayevlə bağlı fikirlərini bölüşüb.
-Rasim Balayevin simasında hansı obrazları sevdiniz?
-Rasim Balayevin simasında Nəsimini, Babəki, Cavidi sevdik. Onları elə təsvir etdik. Onun əsərləri bizim üçün böyük xəzinədir. Rasim öz simasında hər kəsə yer ayırırdı və ölümsüzləri yaşadırdı. Özü də ölümsüzlüyə getdi… Nə qədər Azərbaycan qəhrəmanları varsa, onların hamısı Rasimin simasında yaşayacaq. Nə qədər ki, o qəhrəmanları yaşatdı, özü də qəhrəman kimi yaşayacaq. Rasim məktəb yaratdı və xalqını sevdi.

O, bütün məsələlərdə xalqın yanında oldu. Xalq da vida günündə onun yanına toplandı və onu son mənzilə yola saldı. Sənətkar bütün şərəfi ilə əbədiyyətə getdi. O, ən uca və ən ali sənətin memarı idi. Ona görə də, ömrü boyu onun qarşısında baş əyəcəyik və dualar oxuyacağıq.
-Siz Rasim Balayevlə çəkiliş zamanı hansı xatirələri paylaşa bilirsiniz?
-Ən gözəl xatirələrimdən biri “Cavid ömrü”nün çəkilişi zamanı oldu. O, obraz üzərində işləyirdi və səhnəmizi məşq etdirirdi. Mənə çox yardımı toxunurdu. Rasim çox duyğulu insan idi. Gözəl təbiəti vardı; hətta ağac belə onun diqqətindən yayınmırdı. O, işığı qurur, təbiətə baxırdı. Heç yadımdan çıxmaz: bir dəfə çəkilişdə Ramiz Həsənoğluna baxıb dedi:
“Tanrı rəssamdır, ən gözəl rejissordur. Gör necə gözəldir”.
Onun hər kəsi anlamaq kimi bir keyfiyyəti vardı, amma sevmədiyi insanları qəbul edə bilməzdi. Demişdi: “Bir var dramaturgiya, bir də var dramaturguya”.
Söhbətlərində yumor hissi vardı, amma sadəcə dostlar arasında bunu ifadə edirdi. Çox gözəl xatirələri var idi. Çox sanballı və həddindən artıq yüksək insani dəyərləri bir arada yürütmək hər kəsə qismət olmur, amma o bunu bacarırdı. O, sevməyi bacarırdı. Adi çəkilişlər belə insan ruhunda, bilmədiyin hardansa işıq gətirir. Bu, sənətin gücüdür.
Fatimə
11:21 31.03.2026
Oxunuş sayı: 56