Elə bilirsiniz, bilmirik? Hamımız bilirik – Dilarə Əliyeva
Nə gözəl olardı, hər kəs teatrı sevsə, bir bilet alsa, bir neçə saatlıq dünyanın gerçək reallıqlarından qaçsa...
Bu gün, 10 mart Azərbaycan Teatr Günü səhnədə əvəzsiz rolların qeyd olunduğu gündür.
Teatr yalnız tamaşaçılar üçün əyləncə deyil, həm də insanların həyatını, hisslərini və düşüncələrini canlandıran bir pəncərədir. Hər səhnə, hər obraz, hər aktyorun performansı mədəniyyətimizin ruhunu yaşadır və tamaşaçı ilə səhnə arasında unikal bir bağ yaradır.
Teatr, həyatın özünü aynada göstərir – sevgi, kədər, gülüş və dərindən düşüncələr tamaşaçının qəlbinə toxunur. Bunun üçün hər zaman insanları, tamaşaçıları teatra cəlb etmək vacibdir. Dövlətimiz də, ölkəmizin teatrları da, tamaşaçılarının çoxluğu ilə dəyərləndirilir. Bu gözəl gündə biz də səhnəmizə nəfəs verən aktyorlardan biri ilə söhbətləşdik.
Əməkdar artist Dilarə Əliyeva Crossmedia.az-ın suallarını cavablandırıb:
-Azərbaycan Teatr Günü münasibətilə teatr kollektivinə və tamaşaçılara nə mesaj vermək istərdiniz?
-Teatr canlı sənətdir. Sənətin yaşaması aktyorlardan çox, teatrı var edənlərdən aslıdır. Var edənlər isə onların tamaşaçılarıdır. Sevgi vermək, nümayiş etdirmək lazımdır. Onların yanında olmaq ən böyük sevgidir.
Arzum budur ki, hər zaman aktyorlarımız pərdə açılanda qapı ağzına qədər dolu insan, tamaşaçı görsünlər. Çatışan, çatışmayan cəhətləri sevgi ilə qarşılasınlar. Tamaşaçıları təcrübələndirmək üçün daha gözəl hazırlansınlar.
Heç vaxt üzünü görmədiyimiz tarixi şəxsiyyətləri aktyorların simasında görürük, öyrənirik. Teatrın mədəniyyətdə yeri çox əhəmiyyətlidir. Bu isə daha çox tamaşaçıdan asılıdır.
-Bu gün Azərbaycanda teatrın inkişafını necə qiymətləndirirsiniz?
-Azərbaycan teatrının inkişafı hər zaman olub və olacaq. Gözəl tamaşaçı da hər zaman olacaq. Məsələyə, hər zaman ölümlü deyil, olumlu baxaq ki, daha da inkişaf edək.
Bəzən insanlar düşünür ki, hər bir sənətdə olduğu kimi teatrda da çatışmazlığı aktyorlar bildirmir. Hamımız bilirik. Hər yerdə olan kəm-kəsirlərdən teatrda da olur. Bunları tənqid etmək yerinə yardım etmək, kömək etmək lazımdır.
Heç olmadığımız qədər tamaşaçı nəfəsi lazımdır. Xoşunuza gələcək, sevəcəksiniz, sevgi olsa da, yanaşanda kəm-kəsirlərə qalib gəlmək, şərait yaratmaq lazımdır. Öz teatrımız bizə daha çox lazımdır. Fikir verirəm, əcnəbi ölkələrdən gələn tamaşaçılar daha çox olur, nəinki bizim tamaşaçılar.
İnkişaf etmək istəyiriksə, tamaşaçı qismində inkişaf etdirməliyik.
Fatimə Məmmədova
11:29 10.03.2026
Oxunuş sayı: 135