Əməkdaşlıq üçün əvvəl sülh müqaviləsi lazımdır - ekspert
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla iqtisadi əməkdaşlığın gələcəkdə daha da inkişaf edə biləcəyinə ümid etdiyini bildirib.
Son dövrlərdə regionda sülh gündəliyi və normallaşma prosesləri fonunda bu cür açıqlamalar Cənubi Qafqazda yeni iqtisadi imkanların yaranıb-yaranmayacağı məsələsini yenidən müzakirə mövzusuna çevirib.
Xüsusilə, nəqliyyat-kommunikasiya xətlərinin açılması, ticarət əlaqələrinin qurulması və regional layihələrdə mümkün əməkdaşlıq perspektivləri diqqət mərkəzindədir.
Maraqlıdır, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq hansı şərtlər daxilində real ola bilər? Bu prosesin başlaması üçün sülh müqaviləsinin imzalanması vacib amil hesab edilirmi?
Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Crossmedia.az-a açıqlama verib:

"İqtisadi münasibətlərin inkişafı üçün sülh müqaviləsi, əlbəttə ki, lazımdır. Niyə? Çünki sülh müqaviləsi imzalandıqdan sonra iki tərəfli münasibətlər yeni müstəviyə keçə və rəsmi şəkildə davam etdirilə bilər.
Burada təkcə tərəflər arasında siyasi dialoqun aparılmasından söhbət getmir, eyni zamanda müxtəlif iqtisadi layihələrin həyata keçirilməsi imkanları da yaranır. Bu isə öz növbəsində iqtisadi əməkdaşlığın inkişafına təkan verə bilər. Belə bir əməkdaşlıqdan, əslində, yalnız sülh müqaviləsinin imzalanmasından sonra danışmaq mümkündür".
Ayhan
12:43 07.03.2026
Oxunuş sayı: 68