Xalq şairi Nəriman Həsənzadə yubileyi münasibətilə evində ziyarət olunub
Fevralın 19-da mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, qurumun katibi İlqar Fəhmi Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə evində ziyarət ediblər.
Bu barədə Crossmedia.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Nazir Xalq şairinin zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu, oxucular tərəfindən sevildiyini bildirib, səhnəyə qoyulan əsərlərinin də böyük maraqla qarşılandığını deyib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev şairin ədəbiyyatımıza töhfələrini yüksək qiymətləndirib. Prezident İlham Əliyev də onun ədəbiyyat və mədəniyyətimizin inkişafı sahəsində mühüm xidmətlərini daim diqqət mərkəzində saxlayıb.
Fevralın 18-də şairin Azərbaycanın ən ali təltifi – “Heydər Əliyev” ordeninə layiq görülməsini, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təbrik məktubu ünvanlamasının bu qayğının bariz nümunəsi olduğunu bildirib.
Adil Kərimli şairə yubileyi münasibətilə təbriklərini çatdırıb, ona Mədəniyyət Nazirliyinin Fəxri diplomunu təqdim edib.
Nəriman Həsənzadə müalicəsinə göstərilən diqqət və dəstəyə görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Xalq şairi Ulu Öndər Heydər Əliyevin adını daşıyan təltifə layiq görülməsindən qürur hissi keçirdiyini deyib.
Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri də şairə xoş arzularını çatdırıblar.
09:40 20.02.2026
Oxunuş sayı: 602