ABŞ Cənubi Qafqazda "şahmat taxtası qurur"
ABŞ-ın vitse-prezidenti Cey Di Vens bir neçə gün əvvəl Ermənistan mətbuatına müsahibəsində Cənubi Qafqazdakı sülh prosesindən danışıb. O, söyləyib ki, Ağ Evin həm Ermənistan Baş naziri Nikol Paşinyan, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı münasibətləri var.
O əlavə edib ki, ABŞ-ın Azərbaycan və Ermənistanla uğurlu əməkdaşlığı davam edəcək.
Vensin səsləndirdiyi fikirlər barədə Crossmedia.az- a danışan Milli Məclisin deputatı Rizvan Nəbiyev söyləyib ki, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması və dövlətlərarası münasibətlərin normallaşdırılması prosesində Birləşmiş Ştatların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, xüsusilə ABŞ prezidenti Donald Trampın təşəbbüsləri və 8 avqust tarixli Vaşinqton razılaşmaları bu baxımdan mühüm əhəmiyyətə malikdir: "ABŞ davamlı sülh bərqərar olması prosesinə bir neçə istiqamətdə dəstək verir. Birinci istiqamət Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasından sonra onun imzalanması və ratifikasiyası prosesinə verilən dəstəkdir. 8 avqust tarixli Vaşinqton Birgə bəyannaməsində bu məsələ öz əksini tapıb və sazişin imzalanması və ratifikasiyası üçün əlavə tədbirlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb".
R.Nəbiyev ikinci mühüm istiqamət kimi konkret layihələr vasitəsilə sülhün möhkəmləndirilməsi istiqamətindəki təsbirləri vurğulayıb: "TRIPP layihəsinin reallaşması regionda normallaşma prosesinə real töhfə verəcəkdir. TRIPP həm ölkədaxili, həm dövlətlərarası, həm də beynəlxalq əhəmiyyətə malik layihədir. Bu təşəbbüs Ermənistanın işğalı səbəbindən uzun illər davam etmiş blokada və izolyasiya siyasətinə son qoymaqla yanaşı, regionun dünya bazarları ilə əlaqələndirilməsində mühüm rol oynayacaq. ABŞ kimi böyük iqtisadi və maliyyə gücünün bu marşrutdan istifadə etməsi Orta Asiya və Cənubi Qafqaz ölkələri ilə münasibətlərin inkişafına xidmət edə bilər. Burada ABŞ-nin öz geoiqtisadi maraqları da mövcuddur və bu maraqlar regionda sabitlik və əməkdaşlıq mühitinin formalaşması ilə uzlaşır".
Parlamentari etimad quruculuğu məsələsini də xüsusi qeyd edib: "30 illik münaqişədən sonra həm də vətəndaş cəmiyyətləri arasında təşəbbüslərin dəstəklənməsi uzunmüddətli sülh üçün vacibdir. "ABŞ administrasiyasının ikinci şəxs səviyyəsində regiona səfəri, verilən açıqlamalar və Azərbaycanla imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası sülhə və sabitliyə konkret töhfədir. Bu, ABŞ-nin mövqeyinin əməli təsdiqidir".
Nigar Yəhyayeva
13:51 14.02.2026
Oxunuş sayı: 755