Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə Ofisi ilə birgə Ali Səviyyəli Toplantı keçirəcək
Yanvarın 15-16-da İsveçrənin Cenevrə şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə birgə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi 35-ci Ali Səviyyəli Toplantısı keçiriləcək.
Crossmedia.az xəbər verir ki, toplantı “Parçalanma və transformasiya dövründə multilateralizmin yenidən formalaşdırılması” mövzusuna həsr olunacaq.
Toplantıda 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksəksəviyyəli iştirakçı – sabiq dövlət və hökumət başçıları, BMT qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ekspertlər iştirak edəcək. Tədbir çərçivəsində qlobal çağırışlar, çoxtərəfli əməkdaşlığın gələcəyi və beynəlxalq sistemdə baş verən transformasiya prosesləri müzakirə olunacaq.
Toplantıda, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (WHO), BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD), Ümumdünya Ticarət Təşkilatının (WTO), BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat), Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) və BMT-nin HİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) ali səviyyəli rəhbərləri və nümayəndələrinin iştirakı da nəzərdə tutulur.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə birgə təşkil etdiyi Ali Səviyyəli Toplantılar çoxtərəfli əməkdaşlığın təşviqi, qlobal gündəlikdə duran əsas məsələlərin müzakirəsi və beynəlxalq dialoqun gücləndirilməsi baxımından mühüm beynəlxalq platforma kimi çıxış edir.
16:53 12.01.2026
Oxunuş sayı: 1353