Kolumbiyada təyyarə qəzasında məşhur müğənni Yeison Ximenez həlak olub
Kolumbiyada baş verən kiçik təyyarə qəzası nəticəsində məşhur müğənni Yeison Ximenez də daxil olmaqla altı nəfər həyatını itirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı sənətçi konsert vermək üçün Medelində olduğu zaman qəza baş verib və ölkədə böyük kədərə səbəb olub. Məlumata görə, Ximenez təxminən 20 gün əvvəl qatıldığı televiziya proqramında təyyarə qəzaları ilə bağlı dəfələrlə narahatedici yuxular gördüyünü bildirib.
Müğənni çıxışında deyib: “Üç dəfə yuxuda təyyarə qəzası gördüm. Pilotun yanına gedib təyyarəni çevirməsini xahiş edirdim. Pilot isə mənə ‘Yaxşı ki, xəbər verdin, nəsə səhv gedirdi’ deyirdi. Yuxularımdan birində isə öldüyümüzü və bu hadisənin xəbərlərdə yayımlandığını görmüşdüm.”
Yeison Ximenez 1991-ci ildə Kaldas inzibati bölgəsinin Manzanares şəhərində anadan olub və “Aventurero”, “Vete” və “Mi venganza” kimi hit mahnıları ilə son illərdə Kolumbiyanın ən məşhur və çox dinlənilən sənətçilərindən biri kimi tanınırdı.
18:05 11.01.2026
Oxunuş sayı: 1687