Azərbaycan ABŞ və İsrail üçün strateji açardır
Azərbaycan son illər regional və qlobal miqyasda artan strateji rolu ilə diqqət mərkəzinə düşür. Enerji resursları, nəqliyyat dəhlizləri və balanslaşdırılmış xarici siyasət ölkəni ABŞ və İsrail üçün önəmli tərəfdaşa çevirir.
Crossmedia.az ABŞ-nin Newsmax saytına istinadən xəbər verir ki, beynəlxalq münasibətlər və milli təhlükəsizlik üzrə mütəxəssis, The American Spectator, The Washington Times və The American Conservative nəşrlərinin müəllifi, tədqiqatçı Robert Zapesoçnının Azərbaycanın beynəlxalq siyasətdə rolu və ABŞ–İsrail ilə strateji tərəfdaşlığına həsr olunmuş məqaləsi dərc edilib.
Müəllif qeyd edir ki, İsrail ilə ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması kimi başlayan İbrahim Sazişləri tədricən Mərkəzi Asiyaya doğru genişlənir. Ötən ilin noyabrında Qazaxıstan bu sazişlərə qoşulmaq niyyətini bəyan edib.
Zapesoçnının fikrincə, İsrail və ABŞ ilə sıx əməkdaşlığı nəzərə alındıqda Azərbaycan sazişlərin növbəti mərhələsinə qoşulmaq üçün məntiqli namizəddir. Son illərdə Azərbaycan nefti İsrailin tələbatının təxminən 40 faizini ödəyib, 2016–2020-ci illərdə isə İsrail Bakının əsas silah tədarükçüsü olub (69%).
Məqalədə həmçinin Mərkəzi Asiya ölkələrinin (C5) liderlərinin ABŞ Prezidenti Donald Trampla görüşü xatırladılır. Keçən il Azərbaycanın rəsmi qoşulması ilə format faktiki olaraq C6-ya çevrilib ki, bu da Azərbaycanın Orta Dəhlizdəki əhəmiyyətini vurğulayır. Bu marşrut Rusiya və İranı kənardan keçərək Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında birbaşa ticarəti təmin edir və Azərbaycanı mühüm logistika qovşağına çevirir.
Zapesoçnı Cənubi Qafqazda yeni imkanlara da diqqət çəkir: Ermənistan və Azərbaycan arasında müzakirə olunan nəqliyyat layihələri sülh prosesinin qorunacağı təqdirdə ABŞ şirkətləri üçün kommersiya perspektivləri aça bilər.
Müəllif hesab edir ki, ABŞ Çinın “Bir kəmər, bir yol” təşəbbüsü ilə iqtisadi rəqabət apara bilər, lakin bunun üçün Vaşinqton regional siyasətini yeniləməlidir.
Zapesoçnı Azərbaycanın münasibətində köhnəlmiş məhdudiyyətlərin, o cümlədən Birinci Qarabağ müharibəsi dövründə qəbul edilmiş 1992-ci il Azadlığa Dəstək Aktına 907-ci düzəlişin yenidən nəzərdən keçirilməsinə çağırır. O qeyd edir ki, 2020 və 2023-cü illərdən sonra Bakı ərazilər üzərində nəzarəti bərpa edib.
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi altında 1991-ci il Almatı Bəyannaməsi ilə təsbit olunmuş sərhədləri tanıması uti possidetis juris prinsipinə uyğundur və sülh prosesini irəli aparır.
Bununla yanaşı, müəllif ABŞ-dakı erməni lobbilərini — ANCA və AAA-nı — 907-ci düzəlişin saxlanılmasında israrlı olduqlarına görə tənqid edir və bunun Ermənistanın uzunmüddətli maraqlarına cavab vermədiyini, münaqişənin yekun həllinə mane olduğunu bildirir.
“ABŞ üçün Azərbaycanda sabitlik həyati əhəmiyyət daşıyır, çünki bu, ticarət, enerji təchizatı və logistika üçün təhlükəsiz marşrutları təmin edir”, — deyə Robert Zapesoçnı məqaləni yekunlaşdırır.
Zeynəb Xuduyeva
15:28 06.01.2026
Oxunuş sayı: 2695