Tramp “hazır olun” mesajı verib
ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi üzrə həyata keçirilən əməliyyatdan bir neçə həftə əvvəl ölkənin aparıcı neft şirkətlərinə Venesuelada “böyük dəyişikliklərin” yaxınlaşdığına dair eyham vurub.
Crossmedia.az bu barıdə The Wall Street Journal nəşrinə istinadən xəbər verir. Nəşrin yazdığına görə, Tramp bəzi iri korporasiyaların rəhbərlərinə ünvanladığı mesajda açıq detallara yer verməsə də, “dumanlı, lakin cəlbedici” çağırış edərək onları qarşıdakı proseslərə “hazır olmağa” səsləyib.
Mənbənin məlumatına əsasən, bu mesaj Vaşinqtonun Venesuela ilə bağlı planlarının yalnız siyasi deyil, eyni zamanda enerji və iqtisadi maraqlarla da sıx bağlı olduğuna işarə kimi qiymətləndirilir. ABŞ administrasiyasının Maduronun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Venesuelanın zəngin neft ehtiyatlarına çıxış imkanlarını yenidən gündəmə gətirməyi hədəflədiyi istisna edilmir.
Qeyd edək ki, Venesuela dünyada ən böyük sübut olunmuş neft ehtiyatlarına malik ölkələrdən biridir və uzun illərdir ABŞ-la münasibətlər sanksiyalar və siyasi qarşıdurma fonunda gərgin olaraq qalır.
Sevinc Yarməmmədova
12:35 06.01.2026
Oxunuş sayı: 2420