Ərdoğan: Türkiyədə bəzi qüvvələr erməni diasporu ilə eyni mövqedən çıxış edirdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə daxilində fəaliyyət göstərən bəzi siyasi və ictimai dairələrin müəyyən dövrlərdə erməni diasporu ilə eyni xətt üzrə hərəkət etdiyini bildirib. Dövlət başçısının sözlərinə görə, bu qüvvələr xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Türkiyə hakimiyyətinin qardaş Azərbaycanı dəstəkləyən mövqeyini tənqid ediblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Ərdoğan qeyd edib ki, sözügedən dairələr həmin dövrdə erməni diasporunun mövqeyi ilə uzlaşaraq Ankaranın Azərbaycanın “haqlı mübarizəsinə” verdiyi dəstəyə qarşı çıxış ediblər. Prezident bunu Türkiyənin milli maraqlarına və regional ədalət prinsipinə zidd mövqe kimi dəyərləndirib.
Türkiyə lideri çıxışında başqa bir məqama da toxunaraq bildirib ki, eyni qüvvələr Suriya Prezidenti Bəşər Əsədin ölkədən qaçdığı bir vaxtda Ankaranı devrilmiş rejimlə dialoqa çağırıblar. Ərdoğanın fikrincə, bu çağırışlar regiondakı reallıqları və Türkiyənin təhlükəsizlik prioritetlərini nəzərə almayan yanaşmanın göstəricisi olub.
Prezident vurğulayıb ki, Türkiyə həm 44 günlük müharibə dövründə, həm də Yaxın Şərqdə baş verən proseslər zamanı prinsipial və ardıcıl siyasət yürüdüb və bundan sonra da qardaş ölkələrə və regional sabitliyə dəstək kursundan geri çəkilməyəcək.
Sevinc Yarməmmədova
00:30 06.01.2026
Oxunuş sayı: 2761