İranın Sistan–Bəlucistan vilayətində etirazlara atəş açılıb
İranda davam edən kütləvi etirazlar zamanı ölkənin cənub-şərqində yerləşən Sistan–Bəlucistan vilayətində təhlükəsizlik qüvvələri etirazçılara qarşı canlı gücdən istifadə edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Silahlı qüvvələr nümayişçilərə atəş açıb, nəticədə ölən və yaralananlar var.
Məlumata əsasən, etirazlar əsasən sosial-iqtisadi problemlər, yüksək inflyasiya, işsizlik, milli valyutanın dəyərdən düşməsi və regionda uzun illərdir davam edən diskriminasiya və yoxsulluq səbəbindən başlayıb.
Etiraz aksiyaları əvvəlcə lokal xarakter daşısa da, qısa müddətdə genişlənərək müxtəlif şəhər və yaşayış məntəqələrini əhatə edib.
Şahidlərin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün əvvəlcə gözyaşardıcı qazdan istifadə edib, daha sonra isə birbaşa atəş açılıb. Hadisələr zamanı dinc sakinlərin, o cümlədən gənclərin və azyaşlıların da xəsarət aldığı bildirilir. Rəsmi qurumlar hələlik ölənlərin dəqiq sayını açıqlamayıb.
Mehriban İbrahimli
21:56 05.01.2026
Oxunuş sayı: 2800