Gürcüstandan Venesuelaya çağırış : Qanunsuz qərarı ləğv edin
Gürcüstan Xarici İşlər Nazirliyi Venesuelada baş verən son siyasi proseslərin Abxaziya və Cənubi Osetiyanın müstəqil dövlət kimi tanınması ilə bağlı qərarın geri götürülməsinə yol aça biləcəyinə ümid etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Nazirliyin yaydığı bəyanatda bildirilir ki, Venesuela hakimiyyətinin Gürcüstanın işğal altında olan ərazilərini tanıması beynəlxalq hüququn əsas prinsiplərinin açıq şəkildə pozulması deməkdir.
XİN hesab edir ki, regionda və Venesuelanın daxilində baş verən son hadisələr Gürcüstanın milli maraqlarına uyğun olaraq həmin qərarın yenidən nəzərdən keçirilməsi üçün əsas yarada bilər: “Venesuela hakimiyyətinin beynəlxalq hüququ kobud şəkildə pozaraq Gürcüstanın işğal olunmuş bölgələrini - Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdığını nəzərə alaraq, son hadisələrin Gürcüstanın milli maraqlarına və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq bu qanunsuz qərarın ləğvinə səbəb olacağına ümid edirik”.
Fatimə Məmmədova
10:45 05.01.2026
Oxunuş sayı: 2890