Maduro və həyat yoldaşının tutulması əməliyyatı aylarla planlaşdırılıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yanvarın 3-də açıqlama verərək Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının tutulması ilə nəticələnən əməliyyatın bir neçə ay əvvəlcədən planlaşdırıldığını bildirib.
Crossmedia.az xəbər verir ki, Pentaqonun məlumatına görə, “Mütləq Qətiyyət Əməliyyatı” adlandırılan bu əməliyyat gizli və yüksək dəqiqliklə icra olunub.
Açıqlamada qeyd edilir ki, əməliyyat 2 yanvar tarixində, gecənin ən qaranlıq saatlarında, aylarla davam edən planlaşdırma və intensiv hazırlıq mərhələsindən sonra həyata keçirilib.
“Mütləq Qətiyyət Əməliyyatı gizli, dəqiq idi və aylarla davam edən planlaşdırma və təlimin kulminasiya nöqtəsi oldu. Açığı desək, bu, yalnız ABŞ ordusunun həyata keçirə biləcəyi bir əməliyyat idi”, – deyə Pentaqon nümayəndəsi vurğulayıb.
Rəsmi Vaşinqton əməliyyatın detalları ilə bağlı əlavə məlumat açıqlamasa da, bəyanat ABŞ-ın Venesuela ətrafında apardığı hərbi-siyasi fəaliyyətlərin əvvəlcədən hazırlanmış strategiya əsasında icra olunduğunu göstərir.
21:37 03.01.2026
Oxunuş sayı: 5638