Rusiya XİN ABŞ-ın Venesuelaya qarşı silahlı müdaxiləsini pislədi
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi silahlı aqressiyanı kəskin şəkildə qınayıb və baş verənlərdən dərin narahatlıq ifadə edib.
Crossmedia.az xəbər verir ki,Nazirliyin yaydığı rəsmi bəyanatda bildirilir ki, Vaşinqtonun bu addımı beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır. Rusiya XİN vurğulayıb ki, suveren dövlətin daxili işlərinə hərbi müdaxilə regionda vəziyyətin daha da gərginləşməsinə, humanitar fəlakətin dərinləşməsinə və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlərin yaranmasına səbəb ola bilər.
Bəyanatda ABŞ rəhbərliyi məsuliyyətli davranmağa, güc tətbiqindən imtina etməyə və Venesuela böhranının həllində yalnız siyasi-diplomatik mexanizmlərə üstünlük verməyə çağırılıb. Moskva həmçinin beynəlxalq ictimaiyyəti vəziyyətə obyektiv qiymət verməyə və münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün birgə səylər göstərməyə dəvət edib.
Rusiya tərəfi bir daha bəyan edib ki, Venesuela xalqının gələcəyini yalnız həmin ölkənin vətəndaşları müəyyən etməlidir və xarici müdaxilələr qəbuledilməzdir.
Nastya Qəniyeva
14:55 03.01.2026
Oxunuş sayı: 2863