İran XİN: ABŞ-nin Venesuelaya hərbi hücumu beynəlxalq hüququn açıq pozuntusudur
İran Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi hərbi hücumu qətiyyətlə pisləyib. Nazirlik bu barədə Vaşinqtonun Karakasda, eləcə də Miranda, Aragua və La Guaira ştatlarında mövqelərə zərbələr endirməsindən sonra bəyanat yayıb.
Crossmedia.az xəbər verir ki, Bəyanatda bildirildiyinə görə, ABŞ-nin Venesuelaya qarşı hərbi təcavüzü BMT Nizamnaməsinin əsas prinsiplərinin, xüsusilə güc tətbiqini qadağan edən 2-ci maddənin 4-cü bəndinin açıq şəkildə pozulmasıdır. İran XİN bunu “təcavüz aktının açıq nümunəsi” adlandırıb və beynəlxalq ictimaiyyəti bu addımı dərhal pisləməyə çağırıb.
Nazirlik vurğulayıb ki, ABŞ-nin müstəqil BMT üzvü olan Venesuelaya qarşı hərbi əməliyyatları regional və qlobal sülh və təhlükəsizlik üçün ciddi təhlükə yaradır. Tehran Venesuelanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirərək, BMT və Təhlükəsizlik Şurasını bu qanunsuz hərəkətlərə qarşı məsuliyyət daşımağa çağırıb.
Türkan Kərimli
14:08 03.01.2026
Oxunuş sayı: 2914