Ankara Musiqi və Gözəl Sənətlər Universitetinə Azərbaycan mədəniyyəti və tarixinə aid kitab kolleksiyası hədiyyə edilib
Türkiyədə Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin kitabxanasına Azərbaycan mədəniyyəti və tarixi haqqında 400-dən çox kitab hədiyyə edilib.
Crossmedia.az xəbər verir ki, layihə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Türkiyənin Ankara və Kayseri şəhərlərində keçirilən "Azərbaycan İncəsənəti Həftəsi" çərçivəsində reallaşıb.
Bununla əlaqədar, Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin kitabxanasında keçirilən tədbirdə universitetin, Azərbaycan səfirliyinin, Mədəniyyət Mərkəzinin əməkdaşları, yerli azərbaycanlılar, müəllimlər və tələbələr iştirak ediblər.
Əvvəlcə Ankara Musiqi və Gözəl Sənətlər Universitetinə bağışlanan nəşrlərdən ibarət sərginin açılışı olub.
Universitetin rektoru, professor Erhan Özden çıxışında Azərbaycanla Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb. Azərbaycan mədəniyyətinin Türk dünyası ölkələri arasında olduqca zəngin və böyük ənənələrə malik olduğunu və layihənin əsas məqsədinin qardaş ölkənin mədəniyyətini daha yaxından tanımaq olduğunu bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyədə milli mədəniyyətimizin təbliği məqsədi ilə həyata keçirdiyi layihələr barədə danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həm ana dilimizdə, həm də Türkiyə türkcəsində Azərbaycan haqqında nəşrlərin Türkiyənin aparıcı kitabxanalarına, universitet kitabxanalarına hədiyyə edildiyini vurğulayıb. O, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə göndərilən nəşrlərin arasında mədəniyyətin ayrı-ayrı sahələrinə, habelə ədəbiyyatımıza dair qiymətli kitabların olduğunu bildirib.
Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin tələbələrinin bu nəşrlər vasitəsilə ölkəmiz haqqında biliklərini daha da genişləndirəcəklərinə əminlik vurğulanıb.
Azərbaycan səfirliyinin müşaviri Füzuli Məcidli və Azərbaycanın xalq artisti Cahangir Novruzov ölkəmizin tanınması və milli mədəniyyətimizin təbliği üçün bu cür layihələrin əhəmiyyətini diqqətə çatdırıblar. Onlar Türkiyənin aparıcı kitabxanalarına dəyərli nəşrlərimizin hədiyyə edilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Sonra sərgiyə baxış keçirilib və iştirakçılar Azərbaycan mədəniyyəti, ədəbiyyatı, dövlətçiliyi və tarixi ilə bağlı nəşrlərlə tanış olublar.
Qeyd edək ki, sözügedən nəşrlər Ankara Musiqi və Gözəl Sənətlər Universiteti kitabxanasının fondunda yer alacaq.(Azərtac)
13:05 27.12.2025
Oxunuş sayı: 1644