Bolnisidə Zəlimxan Yaquba həsr olunmuş şeir müsabiqəsi keçirilib
Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi çərçivəsində Bolnisi rayonunun Faxralı kəndində ilin son tədbiri başa çatıb.
Crossmedia.az xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşkilatçılığı ilə Faxralıda üç məktəbin şagirdləri arasında şeir müsabiqəsi keçirilib.
Bildirilib ki, Gürcüstan Azərbaycanlıları Konqresi tərəfindən 2025-ci il Gürcüstanda Zəlimxan Yaqub ili elan edilib. Bu məqsədlə müxtəlif bölgələrdə silsilə tədbirlər təşkil olunub.
İlin son tədbiri isə GAK-ın təşkilatçılığı ilə reallaşıb. Faxralıda üç məktəbin - Arif Əliyev adına 1 saylı Faxralı, 2 saylı Faxralı və rayonun Qoşakilsə məktəblərinin şagirdləri arasında Zəlimxan Yaqubun şeirlərinin səsləndirilməsi yarışı təşkil olunub.
Arif Əliyev adına 1 saylı Faxralı məktəbində keçirilən tədbirdə şair Zəlimxan Yaqubun və Arif Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbirdə GAK-ın və QafqazTürk Medianın nümayəndələri, ziyalılar, gənclər və məktəb şagirdləri iştirak ediblər.
1 saylı Faxralı məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fatma Əliyeva tədbirin təşkilatçılarına təşəkkür edib, bu cür tədbirlərin xalqın böyük övladlarını tanımasında, ədəbiyyata, elmə və mədəniyyətə marağının artmasında mühüm rol oynadığını qeyd edib.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov il ərzində həyata keçirilən tədbirlər barəsində ətraflı məlumat verib.
Müəllimlər, məktəb direktorları və ziyalılar fikirlərini bölüşüb, bu cür tədbirlərin təşkilini yüksək qiymətləndiriblər.
Daha sonra məktəb şagirdləri Zəlimxan Yaqubun müxtəlif şeirlərini səsləndiriblər.
Şagirdlərin çıxışı böyük maraqla qarşılanıb və xoş təsir bağışlayıb.
Münsiflər heyətinin qərarı ilə qaliblər seçilib. I, II və III yerin qalibi olan şagirdlər mükafatlandırılıb. Şagirdlərə, həmçinin həvəsləndirici Fəxri Fərmanlar verilib.
Tədbirin ərsəyə gəlməsində rolu olan müəllimlər və direktorlar da təltif ediliblər.



22:17 26.12.2025
Oxunuş sayı: 1020