ABŞ-nin Cənubi Qafqazda fəallığı artacaq – “Tramp marşrutu” gündəmdə
ABŞ 2026-cı ildə Cənubi Qafqazda siyasi və iqtisadi fəallığını əhəmiyyətli dərəcədə artıracaq. Bu barədə Ermənistanın Amerika Araşdırmaları İnstitutunun rəhbəri, politoloq Suren Sarkisyan öz açıqlamasında bildirib.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, proses çərçivəsində "Tramp marşrutu" adlandırılan logistika layihəsinin formal açılışı da istisna olunmur. Sarkisyan qeyd edib ki, bu hadisə Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləri ərəfəsinə təsadüf edə bilər.
O, vurğulayıb ki, ABŞ-nin regiondakı maraqları yalnız Ermənistan kontekstində deyil, daha geniş qlobal siyasət çərçivəsində dəyərləndirilməlidir. Onun fikrincə, "Tramp marşrutu" Ermənistan və Azərbaycanla məhdudlaşmır, Rusiyanı əhatə etmək və Çinin təsirini azaltmaq məqsədi daşıyan, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən genişmiqyaslı geo-iqtisadi layihənin tərkib hissəsidir.
Sarkisyan bildirib ki, sözügedən marşrut Mərkəzi Asiyadan Avropaya enerji daşıyıcılarının ixracını genişləndirməyə, həmçinin Avropanın Rusiyadan asılılığını azaltmağa yönəlib. Bu çərçivədə boru kəmərləri və nəqliyyat dəhlizlərini əhatə edən alternativ logistika istiqamətləri formalaşdırılır və Ermənistan bu layihədə yalnız bir element kimi çıxış edir.
Ekspertin sözlərinə görə, Mərkəzi Asiya ölkələri artıq bir neçə ildir ki, Rusiya və Çini dolanaraq Avropa bazarlarına çıxış üçün alternativ marşrutlar üzərində işləyirlər.
Suren Sarkisyan qeyd edib ki, ABŞ-nin Cənubi Qafqazdakı fəallığı 2026-cı ildə daha aydın hiss olunacaq. O, hələ 2025-ci ilin dekabrında Vaşinqtonun regiona marağının artacağını proqnozlaşdırdığını və bu gözləntilərin artıq öz təsdiqini tapdığını bildirib.
Bununla yanaşı, yaxın dövrdə yüksək vəzifəli amerikalı rəsmilərin regiona səfərləri gözlənilir. Onun sözlərinə görə, fevral ayında Ermənistana ABŞ-dən yüksək səviyyəli nümayəndə səfər edə bilər. Ehtimal edilir ki, bu səfər ABŞ-nin vitse-prezidenti Cey Di Vensə aid ola bilər. İndiyədək Ermənistana əsasən ABŞ dövlət katibi və Nümayəndələr Palatasının spikeri səfər edib.
Həmçinin "Tramp marşrutu"nun 43 kilometrlik hissəsinin rəsmi açılışının mümkün olduğu bildirilir. Onun fikrincə, Ermənistan hakimiyyəti bu hadisədən seçkiqabağı dövrdə siyasi məqsədlər üçün istifadə edə bilər. Aktiv mərhələnin yanvar–fevral aylarında başlayaraq il ərzində davam edəcəyi gözlənilir.
Ümumilikdə isə regionda ABŞ investisiyalarının artacağı, birgə layihələrin həyata keçiriləcəyi və Vaşinqtonun Cənubi Qafqazdakı mövcudluğunun güclənəcəyi proqnozlaşdırılır.
Nigar Yahyazadə
10:52 26.12.2025
Oxunuş sayı: 1286