Sülhün möhkəm olması üçün vacib şərt - ermənilər Azərbaycan dilini öyrənməlidir
Sülh və dialoq yalnız siyasi qərarlardan deyil, həm də mədəniyyətlərarası hörmət və anlayışdan ibarətdir. Tarixi münaqişələr xalqlar arasında qarşılıqlı qərəzi gücləndirə bilər, lakin mədəni əlaqələr bu gərginliyi yumşalda və etimadı gücləndirə bilər. Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin Ermənistanın baş naziri Nikol Paşinyanı erməni dilində salamlaması və erməni diplomatlarını Azərbaycan dilini öyrənməyə çağırış etməsi, sülh və barışığın simvolu kimi qiymətləndirilir. Dil, təkcə ünsiyyət vasitəsi deyil, həm də mədəniyyət və kimliyin daşıyıcısıdır. Başqa xalqın dilinə hörmət göstərmək, qarşılıqlı anlaşmanın və uzunmüddətli sülhün gücləndirilməsinə xidmət edə bilər.
Mövzu ilə bağlı fəlsəfə doktoru, siyasi şərhçi Şölət Zeynalov Crossmedia.az-a açıqlama verib: “Berlində Xarici Siyasət Cəmiyyətində çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ermənistanın baş naziri Nikol Paşinyanı erməni dilində salamlayıb. Bu jest son dövrlər Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan yumşalmanın fonunda diqqət çəkib. Vaşinqton görüşü və sülhün paraflanması tərəflər arasında əbədi müharibənin mümkün olmadığını göstərib. Tarixdə bunun bir çox nümunəsi var. İngiltərə və Fransa arasında uzun illər davam edən müharibələr sonda sülhlə nəticələnib. Birinci və İkinci Dünya müharibələri də buna misaldır. Qafqazda sülh ideyasının əsası Ulu Öndər Heydər Əliyevin konsepsiyası ilə qoyulub. Lakin Ermənistanı uzun müddət idarə edən rejimlər dövründə diplomatik vasitələrlə sülh əldə etmək mümkün olmayıb və bu, nəticə etibarilə İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına gətirib çıxarıb. Azərbaycançılıq ideologiyası tolerantlıq və multikulturalizm prinsiplərinə əsaslanır. Müharibədən beş il keçsə də, bir çox ailələr hələ də itkilərin yaralarını yaşayır. Sülhə aparan yolda diplomatik vasitələrdən və yumşaq güc elementlərindən istifadə vacibdir. Ağayevin jesti Azərbaycan diplomatiyasının sülhə yönəlmiş addımı kimi qiymətləndirilməlidir”.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və yad təsirlərdən təmizlənməsi məsələsini xüsusi vurğulayır: “Azərbaycan dili bir dövr Qafqazın aparıcı dillərindən biri olub və region xalqları, o cümlədən ermənilər tərəfindən geniş öyrənilib. Ermənistanın müasir tarixi Azərbaycan torpaqlarında formalaşıb və tarixi geri qaytarmaq mümkün olmasa da, onun yaratdığı izləri sağaltmaq mümkündür. Azərbaycan-Ermənistan münasibətləri gec-tez normallaşacaq. Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycan İcmasının fəaliyyəti və regionda sülhün təmin olunması prosesin əsas istiqamətlərindəndir. Hazırda böyük dostluqdan danışmaq mümkün deyil, çünki erməni ideologiyası uzun müddət xalqın təfəkkürünə təsir göstərib. İdeoloji baryerlərin aradan qaldırılması həm Azərbaycan ziyalılarının, həm də diplomatiyasının məharətini tələb edir. Bu kimi jestlərin daha çox Ermənistan tərəfindən nümayiş olunması vacibdir. Regionun gələcəyinin Azərbaycan və Azərbaycançılıq ideologiyası ilə bağlı olduğu vurğulanır və bu ideologiya son 30 ildə praktikada özünü doğruldub. Ümid edilir ki, Ermənistan revanşizmdən imtina edəcək, konstitusiyasını dəyişəcək və Qafqazda dayanıqlı sülhün əsası qoyulacaq”.
Zeynəb Xuduyeva
16:38 11.12.2025
Oxunuş sayı: 1860