Mirzə Qədim İrəvaninin 200 illik yaradıcılıq irsi sərgisi açıldı
Dekabrın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində “Mirzə Qədim İrəvani: 200 illik yaradıcılıq salnaməsi” adlı sərgi açılıb. Bu, Azərbaycan Milli İncəsənət Muzeyi və Gürcüstan Milli Muzeyinin kolleksiyalarını bir araya gətirən ilk genişmiqyaslı layihədir. Ekspozisiyada rəssamın 33 əsəri nümayiş olunur.
Crossmedia.az xəbər verir ki, sərgidə “gül və bülbül” motivli əsərlər, sənətkarın yetkinlik dövrünə aid qrafik portretləri, divar rəsmləri üçün nəzərdə tutulan trafaret nümunələri, ornamental tikmə işləri və vaxtilə İrəvandakı Sərdar sarayının parad zalını bəzəyən monumental portretlər yer alır. Bu əsərlər Azərbaycan təsviri incəsənətində realist dəzgah rəssamlığının ilk nümunələri hesab olunur.
Konsepsiya rəssam Orxan Hüseynovun “Çuxur-Saad” adlı video-instellasiyası ilə tamamlanıb. Installasiyada İrəvaninin musiqi və rəqəmsal texnologiyalarla birləşdirilən yaradıcılıq dünyası təqdim olunur.
Muzey əməkdaşları da sərgiyə öz yaradıcılıq işləri ilə töhfə veriblər. Rəssam-restavrator Samir Talıbov ustanın şüşə üzərindəki ornamental dünyasını yenidən canlandırıb. Qrafika şöbəsinin əməkdaşı Esmira Ağasıyeva isə ənənəvi tikmə texnikasında zərif kompozisiyalar hazırlayıb.
Beləliklə, Mirzə Qədim İrəvaninin irsi ilk dəfə olaraq klassik və innovativ formatların sintezində nümayiş etdirilir.
Sərgi 2026-cı il yanvarın 31-dək davam edəcək.






21:16 08.12.2025
Oxunuş sayı: 1197