Cənubi Qafqazın nəbzi məhz Azərbaycanda döyünür - Deputat
Cənubi Qafqazda sülhün bərqərar olması təkcə gərginliklərin aradan qalxması deyil, həm də regional rifah və yeni əməkdaşlıq imkanlarının açılması deməkdir. Brüsseldə keçirilən görüşlərdən sonra Azərbaycanın Respublikası Prezidentinin köməkçisi, Prezident Admnistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Bakı üçün müharibə və münaqişə dövrü geridə qalıb və əsas prioritet sülh prosesinin möhkəmləndirilməsidir. Artıq proseslər Azərbaycan-Ermənistan münasibətlərində sülhün əldə olunması region ölkələri arasında qarşılıqlı etimadı artırılmasına, iqtisadi əlaqələrin daha da genişləndirməsinə doğru istiqamətlənməkdədir. Qeyd olunub ki, Şərqlə Qərbi, Şimal ilə Cənubu birləşdirən nəqliyyat və enerji xətlərinin inkişafı fonunda Ermənistan da mövcud blokada vəziyyətindən çıxaraq tranzit ölkəyə çevrilə bilər.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlama verib. O bildirib ki, dəqiq rəqəmlər heç vaxt birmənalı olmur, amma mahiyyət də dəyişmir: “Məsələ ondan ibarətdir ki, Azərbaycan konkret addımlar atdı, bizə qarşı yönəlmiş təzyiqləri dəf etdi və öz mövqelərini gücləndirdi. Azərbaycan regionda söz sahibi olduğunu, maraqlarını qoruya biləcək dövlət olduğunu bir daha göstərdi. Azərbaycan beynəlxalq aləmdə öz maraqlarına uyğun münasibətlər sistemi qurmağı bacaran nadir ölkələrdəndir. Dünyanın ən nüfuzlu siyasi mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər formalaşdıra bilirik. ABŞ ilə də, Rusiya ilə də hər kəsin öz maraqlarını qoruduğu şəraitdə əlaqələrin taraz saxlanılması Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir. Qoşulmama Hərəkatı kimi platformalarda fəal iştirakımız isə ölkənin qlobal proseslərdə rolunu daha da artırır. Bu gün Azərbaycanın iradəsini pozmaq, onu hansısa istiqamətə məcbur etmək mümkün deyil. Niyə məhz Azərbaycan? Çünki Cənubi Qafqazın gələcək nəbzi məhz burada döyünür. Regionda proseslərin ağırlıq mərkəzi Azərbaycandır. Biz digər dövlətlərin hüquqlarına müdaxilə etmirik, əməkdaşlığı üstün tuturuq, bu isə qarşı tərəfin də maraqlarına uyğundur’’.
Deputat bildirib ki, Azərbaycanın regional iqtisadi layihələri Gürcüstana böyük faydalar verir: “Elə bu səbəbdəndir ki, həmin layihələrin gələcəkdə Ermənistandan keçəcəyinə dair ümid və arzular artıq rəsmi İrəvan tərəfindən səsləndirilir. Bu da göstərir ki, Azərbaycan öz dövlət modelini düzgün qurub, beynəlxalq münasibətlər sisteminə uyğun siyasət həyata keçirir və bunun nəticələri açıq şəkildə görünür. Azərbaycan bir tərəfdən təbii sərvətlərini – xüsusilə də neft və qaz ehtiyatlarını dünya bazarına çıxararaq uğurlu iqtisadi sistem formalaşdırıb. Eyni zamanda ölkəmiz bu gün Cənubi Avropa ölkələrinə elektrik enerjisi ixracı layihələrinin fəal iştirakçısına çevrilib və bu sahəyə maraq göstərən dövlətlərin sayı durmadan artır. Paralel olaraq Azərbaycan qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirir və bunun real nəticələri artıq görünməkdədir. 1993-cü ildə dövlət büdcəmizin 96%-i neft-qaz gəlirlərindən formalaşırdı. 2026-cı ildə isə ölkənin təxminən 25 milyard dollara yaxın büdcəsinin yalnız 42%-i neft-qaz sektorundan gəlir. Qalan hissə qeyri-neft sahələrinin payına düşür. Bu, Azərbaycanın iqtisadi model qurmaq bacarığının və şaxələndirmə siyasətinin uğurlu nəticəsidir. Dünyanın çalxalanan, iqtisadi və siyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə ayrı-ayrı ölkələrin öz stabilliyini qurması asan deyil. Lakin Azərbaycan bu çətin fonun içində sabitlik yarada bilən az sayda dövlətlərdən biridir. Türkiyə və digər qonşu ölkələrlə münasibətlərimiz normal və konstruktiv şəkildə davam edir. ABŞ Prezidentinin ölkəmiz haqqında yüksək qiymətləndirmələri də bu siyasətin uğurunu göstərən nümunələrdəndir. Bütün bunları nəzərə alaraq demək mümkündür ki, Cənubi Qafqazda yaxın 10–20 il üçün ciddi stabillik potensialı mövcuddur. Böyük dövlətlərin müdaxilə təşəbbüsləri istisna deyil, lakin artıq bu, onların öz maraqlarına uyğun görünmür. Əksinə, böyük güclərin marağında regionda sabitliyin qorunması daha real və daha rasional seçimə çevrilib’’.
Sevinc Yarməmmədova
16:30 01.12.2025
Oxunuş sayı: 4044