ABŞ dövlət katibinin Cənubi Qafqaz turnesi: Qovluğunda nələr var?
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison M. Huker Cənubi Qafqaz turnesinə çıxıb. O, Azərbaycan və Ermənistanda müəyyən görüşlər keçirəcək.
Məlum olduğu kimi, avqustun səkkizində Vaşinqtonda əldə edilən razılaşmalardan sonra ABŞ-nin regionda təsir imkanları artmaqdadır.
Belə bir vaxtda amerikalı diplomatın regiona səfəri maraq doğurur.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Crossmedia.az- a danışıb: "Hesab edirəm ki, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini xanım Hukerin Azərbaycana və Ermənistana səfərinə ABŞ-ın Cənubi Qafqaz ölkələri, eləcə də Mərkəzi Asiya dövlətləri ilə intensivləşən dialoqu kontekstində yanaşmaq lazımdır. Belə ki, 8 avqust tarixində Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra Ermənistan–Azərbaycan münaqişəsinin de-yure sonlandırılması üçün dönüş nöqtəsi yaranmış oldu. Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş məhz Ağ evdə paraflandı.
Həmçinin 30 illik işğal müddətində bağlanmış kommunikasiyaların açılması, nəqliyyat və logistika sahəsində layihələrin həyata keçirilməsi üçün ciddi addımlar atıldı. ABŞ Prezidentinin Azərbaycan və Ermənistan arasında, ümumilikdə isə Mərkəzi Asiyanı Avropa ilə və ya Avropanı Asiya ilə birləşdirəcək Orta Dəhlizin vacib seqmenti sayılan Zəngəzur dəhlizinə xüsusi önəm verməsi də ciddi strateji yanaşmadan xəbər verir.
ABŞ-nin Mərkəzi Asiya ilə intensivləşən münasibətləri C5+1 formatında 7 noyabr tarixində Vaşinqtonda keçirilmiş görüşdə bir daha təsdiq olundu. Bu görüş zamanı Mərkəzi Asiyaya yönəlmiş Tramp administrasiyasının diplomatiyasının və nəqliyyat dəhlizlərinin əhəmiyyəti vurğulandı. Görüşün sonunda C5+1 formatında iqtisadi əməkdaşlığa dair niyyət haqqında birgə bəyanat imzalandı. Üç hissədən ibarət olan bu bəyanatın iki əsas bölməsi eyni zamanda Azərbaycana və Cənubi Qafqaza aid məsələləri əhatə edirdi.
Belə ki, sənədin ikinci hissəsində Mərkəzi Asiyanın malik olduğu vacib mineralların istehsalı və ABŞ-a ixracı ilə bağlı “Minerallar Dialoqunun” başlanması qeyd olunmuşdu. Bilirsiniz ki, dünya sənaye dövlətlərinin ehtiyac duyduğu 39 qiymətli metal növündən 17-si Mərkəzi Asiyadadır. Təkcə Qazaxıstan və Özbəkistan birlikdə dünyanın uran istehsalının 50 faizini təmin edir. Bu qiymətli metalların, o cümlədən uranın Transxəzər nəqliyyat marşrutunda idtifadə erməklə ABŞ-yə və dünya bazarına çatdırılması da strateji əhəmiyyət daşıyır".
Bilirsiniz ki, dünya sənaye dövlətlərinin ehtiyac duyduğu 39 qiymətli metal növündən 7-si Mərkəzi Asiyadadır. Təkcə Qazaxıstan və Özbəkistan birlikdə dünyanın uran istehsalının 50 faizini təmin edir. Bu qiymətli metalların, o cümlədən uranın alternativ marşrutla ABŞ-yə və dünya bazarına çatdırılması da strateji əhəmiyyət daşıyır".
O bildirib ki, bu baxımdan sənədin üçüncü hissəsi Transxəzər nəqliyyat marşrutu və “TRİİP”lə bağlı məsələləri əhatə edir və "Tramp marşrutu" Transxəzər dəhlizinin vacib strateji seqmenti kimi qeyd edilir: "Bu məsələlərin reallaşdırılmasının başlanmış dialoqun davamı kimi qiymətləndirilən dövlət katibi müavininin səfəri yığılıb qalmış məsələlərin müzakirəsi və onlara yeni təkan verilməsi baxımından önəmlidir.
ABŞ regiona öz dövlət strategiyası və maliyyə imkanları ilə gəlir. Zəngəzur dəhlizinin Tramp marşrutunda ilkin texniki əsaslandırma və digər işlər üçün 145 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb və orada əməliyyat məsələlərini ABŞ–Ermənistan birgə şirkəti həyata keçirir. Eyni zamanda Orta Asiyada Amerika şirkətlərinin geniş fəaliyyəti nəzərdə tutulur.
Bu mənada Azərbaycanın sülh gündəliyinin irəli aparılması və həmin gündəlikdə əksini tapmış məsələlərin həlli istiqamətində dialoqun davam etdirilməsi mühümdür. ABŞ dövlət katibi müavininin danışıqlar aparmaq üçün regiona gəlməsi müsbət qiymətləndirilməlidir. ABŞ-ın Azərbaycan və Mərkəzi Asiya dövlətləri ilə münasibətləri hər hansı üçüncü dövlətə qarşı yönəlməyib; söhbət bu ölkələrin ABŞ-la ikitərəfli və çoxtərəfli formatda müxtəlif sahələrdə əməkdaşlığından gedir".
Parlamentari söyləyib ki, Zəngəzur dəhlizinin açılması eyni zamanda Rusiyanın da maraqlarına xidmət edir, çünki bu dəhliz onun üçün Türkiyə, İran və Yaxın Şərq bazarlarına quru yolla çıxış əldə etməyə, həmçinin Türkiyə üzərindən Mersin limanı vasitəsilə Aralıq dənizinə çıxmağa imkan yaradır: "Hesab edirəm ki, dünən BMT Təhlükəsizlik Şurasında Qəzzada sülh planı ilə bağlı qəbul olunan qətnamə də Azərbaycan–ABŞ münasibətləri üçün müəyyən məna kəsb edir. Belə ki, ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəsi həmin qətnamənin Tramp administrasiyasının təqdim etdiyi 20 bəndlik plan əsasında formalaşdığını və bu plan çərçivəsində Qəzza zolağında yerləşdiriləcək çoxmillətli sülhməramlı missiyanın tərkibində əhalisinin əksəriyyəti müsəlman olan dövlətlərin yer alacağını bildirib. Bu kontekstdə Azərbaycan və İndoneziyanın da adı xüsusi olaraq çəkilib".
Görürük ki, Azərbaycan Prezidentinin sülh gündəliyi, regionda sülhün və sabitliyin əldə olunması istiqamətində apardığı siyasi-diplomatik səylər beynəlxalq birlik, o cümlədən aparıcı güclər tərəfindən yüksək qiymətləndirilir. Ehtimal etmək olar ki, yaxın Şərq regionunda sülh və sabitlik məsələləri, eləcə də Azərbaycanın bu proseslərə verə biləcəyi töhfə də həmin gündəliyin mühüm mövzularından biri kimi müzakirə oluna bilər."
Fatimə Nəzərli
20:23 19.11.2025
Oxunuş sayı: 2503