Şimali Kipr Türk Respublikası müstəqil dövlət kimi tanınacaq- Politoloq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr məsələsinin bu günədək həllini tapmamasının əsas səbəbini açıqlayıb. O, Ərdoğan bildirib ki, Yunanıstan tərəfinin Kipr türklərinin bərabər beynəlxalq statusunu qəbul etməməsi adada problemli vəziyyətin hökum sürməsinə səbəb olub.
“Kipr məsələsinin bu günədək həll olunmamasının kökündə Yunanıstan tərəfinin Kipr türklərinin bərabər beynəlxalq statusunu rədd etməsi dayanır”, – Ərdoğan vurğulayıb.
Prezident əlavə edib ki, Türkiyə adadakı iki xalqın sülh, rifah və təhlükəsizlik şəraitində yanaşı yaşaya biləcəyi bir həllin mümkün olduğuna dair mövqeyini qorumaqda davam edir.
Məlum olduğu kimi, Şimali Kiprlə bağlı problem illərdir davam edir. Bu problemin rəsmi Ankaranın xarici siyasətində əsas istiqamətlərdəndir. Şimali Kiprin yeni prezidenti Tufan Erhürmanın dövründə proseslərin necə inkişaf edəcəyi isə çoxlarına maraqlıdır.
Bununla bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, Kipr probleminin indiyə qədər öz həllini tapmamasının kökündə beynəlxalq miqyasda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınmamasına yönəlik siyasətin yeridilməsi dayanır:

“Burada Yunanıstan faktoru da rol oynayır. Amma əsas məsələ Kipr probleminin həll olunmamasıdır və beləliklə də Türkiyə üzərində təzyiqlərin saxlanılmasıdır. Müxtəlif dönəmlərdə Kipr probleminin həlli ilə bağlı fərqli versiyalar irəli sürülüb. Onların heç biri özünü doğrultmayıb. Xüsusilə müzakirə olunan və daha adekvat yanaşma hesab edilən məsələ iki dövlətli həllin həyata keçirilməsidir. Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan dünənki açıqlamasında bildirdi ki, indiyə qədər irəli sürülən heç bir yanaşma həyata keçirilməyib, çünki heç bir adekvat yanaşma olmayıb. Onun fikrincə, yeganə yol Şimali Kipr Türk Cümhuriyyətinin elan olunub tanınmasıdır və bu tamamilə doğru yanaşmadır”.
Müsahibimizin fikrincə, real vəziyyət müəyyən qədər mürəkkəbdir: “Beynəlxalq dəstək mütləq şərtdir. Əvvəlki illərdən fərqli olaraq diplomatik göstəricilər kifayət qədər yüksəkdir. Türkiyə geosiyasi faktor olaraq önə çıxır. Eyni zamanda Azərbaycan və digər türk dövlətləri də Şimali Kipr Türk Cümhuriyyətinin müstəqil dövlət kimi tanınmasının tərəfdarıdırlar. Hesab edirəm ki, Şimali Kipr Türk Respublikası müstəqil dövlət kimi tanınacaq”.
Fatimə Eynullazadə
19:51 14.11.2025
Oxunuş sayı: 2300