Yollar açılır: Azərbaycan və Ermənistanın daimi müharibə şəraitində yaşaması mümkün deyil - Partiya sədri
Bölgədə baş verən son hadisələr Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Ermənistan Azərbaycandan Türkiyəyə və əks istiqamətdə avtomobil yolu ilə yüklərin tranzitini təmin etməyə hazır olduğunu təsdiqləyib. Ermənistan KİV-lərinin məlumatına görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Nikol Paşinyan İrəvanda çıxışı zamanı Azərbaycanın tranzit qərarını müstəqil şəkildə qəbul etdiyini bildirib: “Paşinyan deyib ki, biz bu məsələni Azərbaycanla müzakirə etməmişdik, lakin Azərbaycan bu qərarı qəbul edib. Hazırda Gürcüstan üzərindən qatarlar Ermənistana gedir. Azərbaycan isə sülh sazişi istiqamətində atdığı addımlarla sadiqliyini göstərir və bu tranzit qərarı da həmin addımlardan biridir”.
S.Rüstəmxanlının sözlərinə görə, Ermənistanın Azərbaycana olan ehtiyacı böyükdür: “Çünki müxtəlif ölkələrdən gələn taxıl və digər yüklərin daşınması üçün Azərbaycan tranzit baxımından əhəmiyyətli rola malikdir. Azərbaycan üçün əsas strateji məsələ isə Zəngilandan Naxçıvana uzanan, Zəngəzur dəhlizi adlandırılan dəmir yolu və avtomobil yolunun istifadəyə verilməsidir.
Qeyd olunur ki, ABŞ tərəfindən bu istiqamətdə müəyyən təşəbbüslər dəstəklənir və yaxın zamanda amerikalı nümayəndələrin Ermənistana səfərləri gözlənilir. Məqsəd təxminən 40-45 kilometr uzunluğunda olan Zəngəzur dəmir yolu və avtomobil yolunun qısa müddətdə istifadəyə verilməsidir".
Sabir Rüstəmxanlı bildirib ki, bu proses regionda sülhün və əməkdaşlığın bərqərar olması üçün əhəmiyyətlidir: "Artıq qeyri-hökumət təşkilatlarının nümayəndələri də qarşılıqlı səfərlər həyata keçirirlər. Azərbaycan və Ermənistanın daimi müharibə şəraitində yaşaması mümkün deyil. Əgər bölgədə sülh istəyiriksə, yolların açılmasına və qarşılıqlı əlaqələrin qurulmasına maraqlı olmalıyıq”.
Sevinc Sultanlı
17:00 06.11.2025
Oxunuş sayı: 1581