Bu qərar türk xalqlarının dil birliyinin qorunmasına yönəlmiş mühüm beynəlxalq mesajdır - Türkoloq alim
Türk dünyasının zəngin mədəni irsi, ortaq dəyərləri və dil birliyi əsrlər boyu xalqlar arasında qardaşlıq bağlarını möhkəmləndirən mühüm amillərdən biri olub. Məhz bu mənəvi və tarixi bağların qorunması məqsədilə YUNESKO 15 dekabr tarixini Dünya Türk Dilləri Ailəsi Günü elan edib. Bu qərar, türk dillərinin dünya mədəniyyət xəzinəsindəki əvəzolunmaz yerini vurğulamaqla yanaşı, ortaq dilin türk xalqları arasında həmrəyliyin, mənəvi birliyin və mədəni inteqrasiyanın əsas dayağı olduğunu bir daha göstərir. Türk dillərinin tarixi kökləri, inkişaf mərhələləri və bugünkü coğrafi genişliyi onların təkcə bir kommunikasiya vasitəsi deyil, həm də milli kimliyin və mədəni yaddaşın mühüm daşıyıcısı olduğunu təsdiqləyir.
Hadisənin əhəmiyyəti ilə bağlı Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov Crossmedia.az-a açıqlama verib: "UNESCO-nun 43-cü sessiyasında 15 dekabr tarixinin “Dünya Türk Dilləri Ailəsi Günü” kimi qeyd olunması qərarı türkologiya elmi və ümumilikdə türk dünyası üçün tarixi əhəmiyyətə malik hadisədir. Bu qərar türk dillərinin qədim köklərinin, zəngin mədəni irsinin və müasir dövrdə artan elmi dəyərinin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir.

1893-cü ilin məhz həmin günündə danimarkalı alim Vilhelm Tomsenin Orxon-Yenisey abidələrinin dilini oxuması, türk dillərinin elmi əsaslarla öyrənilməsinin başlanğıcı sayılır. Deməli, 15 dekabr təkcə bir tarixi hadisəni deyil, həm də türk dillərinin elm aləminə təqdim olunduğu günü simvolizə edir. Bu baxımdan UNESCO-nun həmin tarixi “Dünya Türk Dilləri Ailəsi Günü” kimi elan etməsi həm elmi, həm də mənəvi baxımdan dərin məna daşıyır.
Bu qərar, eyni zamanda, türk xalqlarının ortaq dəyərlərinin, dil birliyinin və mədəni kimliyinin qorunmasına, eləcə də bu birliyin gələcək nəsillərə ötürülməsinə yönəlmiş mühüm beynəlxalq mesajdır. Müasir dövrdə türk dilləri geniş coğrafiyada, Qafqazdan Orta Asiyaya, Sibirə və Balkanlara qədər dünyanın geniş coğrafiyasına yayılmışdır. Bu dillərin hər biri özünəməxsus xüsusiyyətlərə malik olsa da, onları birləşdirən ortaq kök, ortaq düşüncə və ortaq tarixi yaddaşdır.
Türk dillərinin beynəlxalq səviyyədə qeyd olunması həm də müasir türkologiyanın inkişafına, türk xalqları arasında elmi əməkdaşlıqların və mədəni inteqrasiyanın daha da dərinləşməsinə şərait yaradacaq.
UNESCO-nun bu qərarı ilə türkologiyanın baniləri sayılan Vilhelm Tomsen, Vasili Radlov, Sergey Malov, Aleksandr Samoyloviç, eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə fəaliyyət göstərmiş görkəmli türkoloq alimlərin elmi irsi bir daha beynəlxalq səviyyədə yad olunur.
Düşünürəm ki, bu günün hər il qeyd edilməsi təkcə tarixi hadisənin anılması deyil, həm də türk dillərinin gələcəyinə yönəlmiş elmi və mədəni strategiyanın başlanğıcı olacaq".
Ayhan
16:09 03.11.2025
Oxunuş sayı: 1656