Zakir Həsənovun Qazaxıstana səfəri: Yaxın gələcəkdə yeni perspektiv planlara imza atılacaq
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin Şurasının iclasında iştirak məqsədilə Qazaxıstana rəsmi səfər həyata keçirir.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında hərbi əməkdaşlığın inkişaf təkcə bu ölkələrin özləri üçün deyil, həm də təşkilat üçün xüsusi əhəmiyyətlidir.
Səfərin əhəmiyyəti barədə Crossmedia.az-a danışan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, bu səfər çox əhəmiyyətli bir səfərdir: "Bildiyiniz kimi, Azərbaycanda zirvə görüşü keçirilmişdi. Həmin görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı bir sıra fikirlər səsləndirmişdi. O, xüsusilə birgə təlimlərin keçirilməsinin vacibliyini vurğulamış və qeyd etmişdi ki, Azərbaycan ilə Qazaxıstan bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığını daha da gücləndirir.
Bu istiqamətdə artıq planlı şəkildə əlaqələr qurulub. Həmin əlaqələr çərçivəsində Azərbaycan və Qazaxıstan hərbi və hərbi-texniki əməkdaşlığın inkişafında maraqlıdırlar. Müdafiə nazirlərinin bu səfər çərçivəsində görüşü də məhz Prezident İlham Əliyevin qeyd etdiyi fikirlərdən irəli gəlir.
Qeyd etmək lazımdır ki, Qazaxıstan və Azərbaycan bu günə qədər bir neçə dəfə birgə hərbi təlimlər keçiriblər. Bu da onu göstərir ki, iki ölkə arasında hərbi əməkdaşlıq getdikcə genişlənir. Bu əməkdaşlıq həm Azərbaycan, həm də Qazaxıstan Silahlı Qüvvələrinin inkişafına, eləcə də təcrübə mübadiləsinə müsbət təsir göstərir".
Müsahibimiz söyləyib ki, Azərbaycan Ordusu artıq qalib ordudur və bu il biz Qələbənin 5 illiyini qeyd edirik: "Hazırda Azərbaycan Ordusunun heyətinin təxminən 90 faizi Vətən müharibəsində iştirak etmiş, döyüş təcrübəsi qazanmış hərbçilərdən ibarətdir. Bu da ordumuzun döyüş qabiliyyətini və peşəkarlıq səviyyəsini daha da artırır. Təbii ki, hərbi əməkdaşlıq təkcə Qazaxıstanla məhdudlaşmır. Bir çox ölkələr Azərbaycanla bu sahədə əməkdaşlıq qurmaq, təcrübə mübadiləsi aparmaq və əlaqələrini möhkəmləndirmək istəyirlər. Çünki Azərbaycan Ordusu XXI əsrin tələblərinə cavab verən, real döyüş təcrübəsi olan güclü bir orduya çevrilib.
Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı təcrübə bu gün bir çox inkişaf etmiş ölkələrin hərbi məktəblərində və akademiyalarında öyrənilir. Qazaxıstan da bu təcrübəyə böyük maraq göstərən ölkələrdən biridir".
Ekspert əlavə edib ki, bizi birləşdirən əsas amillərdən biri həm də eyni təşkilatların üzvü olmağımız və gələcəkdə Turan Ordusu ilə bağlı planlarda birgə iştirak etməyimizdir: "Qazaxıstan Orta Asiyada ən böyük silahlı qüvvələrə malik dövlətdir və inkişaf etmiş ordusu ilə seçilir. Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının əsas faydası ondan ibarətdir ki, bu münasibətlər hər iki ölkənin ordularının inkişafına və qarşılıqlı güclənməsinə xidmət edir. Qeyd edim ki, Azərbaycan təkcə quruda deyil, dənizdə də Qazaxıstanla birgə təlimlər keçirib.
Bütün bunlar göstərir ki, iki ölkə arasında hərbi əməkdaşlıq çoxşaxəli və perspektivlidir. Müdafiə naziri cənab Zakir Həsənovun Qazaxıstana səfəri də Azərbaycanın bu əməkdaşlığa nə qədər böyük önəm verdiyini göstərir. Hazırda bu istiqamətdə müvafiq işçi qruplar fəaliyyət göstərir və yaxın gələcəkdə yeni perspektiv planlara imza atılacağı gözlənilir.“
Fatimə Eynullazadə
15:03 01.11.2025
Oxunuş sayı: 2930