Rusiya–Azərbaycan münasibətləri iqtisadi sferada daha da dərinləşəcək - Deputat
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi edərək ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıb. Söhbət zamanı dövlət başçıları iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi, enerji və nəqliyyat-logistika sahələrində yeni birgə layihələrin reallaşdırılması istiqamətində qarşılıqlı maraqlarını bir daha təsdiqləyiblər.
Bu təmas həm də onu göstərir ki, Azərbaycan–Rusiya münasibətləri təkcə regional təhlükəsizlik kontekstində deyil, həm də praktiki iqtisadi əməkdaşlıq prizmasında inkişaf edir. Xüsusilə Orta Dəhliz və Şimal–Cənub nəqliyyat marşrutlarının aktuallaşdığı bir zamanda iki ölkə arasında koordinasiyanın artırılması strateji əhəmiyyət kəsb edir. Telefon danışığı həm siyasi dialoqun davamlılığının göstəricisi, həm də yaxın perspektivdə yeni əməkdaşlıq istiqamətlərinin gündəmdə olduğunu göstərir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Rusiya–Azərbaycan münasibətlərinin son dövrdə inkişafını təyin edən bir sıra mühüm istiqamətlər var: "Bunlara enerji, logistika, kommunikasiya və sənayenin müxtəlif sahələri daxildir. Hazırda iqtisadi münasibətlərin tamamilə yeni mərhələyə yüksəlməsi və enerji sahəsində əməkdaşlığın yeni imkanlar üzrə reallaşdırılması üçün şərait formalaşır. Bu şəraiti müəyyən edən amillər isə son dövrlərdə intensiv şəkildə müzakirə olunan və bir sıra istiqamətlər üzrə artıq qismən həyata keçirilən yeni marşrutlardır. Bunlardan biri Şimal–Cənub nəqliyyat dəhlizidir və bu istiqamətdə çox böyük işlər görülür. İkincisi, enerji sahəsində əməkdaşlıqdır — bu, həm neft, həm də qaz sektorunu əhatə edir. Üçüncüsü isə yükdaşımalar üzrə kommunikasiya və logistika imkanlarından səmərəli istifadə məsələsidir. Azərbaycan yükdaşımaları üçün böyük logistika sistemi formalaşdırmağı bacarıb".
Deputat həmçinin qeyd edib ki, bütün bu logistik imkanlar istər quru, istərsə də dəmir yolu nəqliyyatı vasitəsilə yükdaşımaları daha da asan və effektiv edir: "Bütün bu məsələlər Azərbaycan Prezidenti və Rusiya Federasiyasının Prezidenti arasında müzakirə olunub. Qarşıdakı mərhələdə daha intensiv əlaqələrin və Rusiya–Azərbaycan münasibətlərinin iqtisadi sferada daha da dərinləşməsinin şahidi olacağıq".
Fatimə Eynullazadə
18:10 24.10.2025
Oxunuş sayı: 1484